Böyük Britaniyanın Rusiyadakı səfirliyinin ikinci katibi Yanse Cerardus kəşfiyyat fəaliyyətində şübhəli bilinir, o, deportasiya ediləcək. Bunu TASS agentliyi FSB-nin mətbuat mərkəzinə istinadla bildirir.
"Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) adı çəkilən diplomatın Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat və təxribat fəaliyyətinin əlamətlərini müəyyənləşdirib, rusiyalı iqtisadi ekspertlərlə qeyri-rəsmi görüşlərdə məxfi məlumat əldə etmək cəhdlərini qeydə alıb", – FSB-nin məlumatında deyilir.
FSB iddia edir ki, Cerardus viza alarkən yalan məlumat verib. Nəticədə onun diplomatik akkreditasiyası ləğv edilib, iki həftə ərzində ölkədən çıxması tapşırılıb.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyaya etiraz təqdim edib. FSB rusiyalıları Britaniya diplomatları ilə təmaslardan çəkinməyə çağırıb, bunun cinayət məsuliyyəti yarada biləcəyi barədə xəbərdarlıq edib.
Britaniya Xarici İşlər Nazirliyi hələlik əməkdaşının qovulması ilə bağlı xəbərləri şərh etməyib.
Rusiya XİN sonuncu dəfə 2026-cı il yanvarın ortalarında Moskvadakı Britaniya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib, o da Britaniya kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinib.