Azərbaycan və Rusiya generalları görüşüb

Görüş

Martın 22-də Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı bəyanatın müddəalarının icrası məsələləri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub: "Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar".

Həmin bəyanatın istinad edilən 4-cu bəndi belədir: "4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır".

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.