Avropa İttifaqının (Aİ) bir sıra üzv dövlətləri Avropa Komissiyasına təzyiq göstərir ki, Rusiya vətəndaşlarına turist vizalarının verilməsindən imtinanı asanlaşdıracaq qanunvericilik təşəbbüsü ilə çıxış etsin. Buna Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının artıq beşinci ildir davam etməsi səbəb göstərilir.
İyunun 4-də Lüksemburqda Aİ daxili işlər nazirlərinin növbəti aylıq toplantısında İsveç bu məsələni qaldıracaq. Onu Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva və Niderland, eləcə də İslandiya və Norveç kimi Aİ üzvü olmayan Şengen ölkələri dəstəkləyəcək.
Rusiyalı turistlər Avropa çimərliklərində
AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak həmin ölkələrin görüş ərəfəsində Avropa Komissiyasına narahatlıqlarını bildirən məktub göndərdiklərini yazır.
AzadlıqRadiosunun əldə etdiyi məktubda deyilir: "Rusiya raketləri və dronları Ukraynada mülki şəxsləri və infrastrukturu vurmağa davam edərkən, getdikcə daha çox rusiyalı turistin Avropanın çimərliklərində və kurortlarında istirahət etməsini izləmək dərin narahatlıq yaradır".
"Qanunsuz deportasiya olunmuş və zorla köçürülmüş minlərlə ukraynalı uşağın ailələrinə qayıda bilmədiyi bir zamanda bu vəziyyət daha da ağrılıdır", – məktubda vurğulanır.
Bu arada Aİ statistikası rusiyalılara verilən Şengen turist vizalarının sayında artım olduğunu göstərir. AzadlıqRadiosunun əldə etdiyi məlumatlara görə, 2025-ci ildə rusiyalılara təxminən 480 min Şengen turist vizası verilib. Bu, Moskvanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından bəri ən yüksək göstəricidir.
Valensiyada Kabanyal çimərliyi
Asan məsələ deyil
Yaxın vaxtlarda qanunvericilik dəyişikliyi gözlənilmir, yəni yay mövsümündən əvvəl hər hansı dəyişiklik ehtimalı azdır. Belə bir təklifin bu ilin sonlarında təqdim ediləcəyinə, 2027-ci ildə qəbul olunacağına ümid var, – R.Yozvyak yazır.
Amma bu proses asan olmayacaq. Aİ-də rusiyalılara ən çox turist vizasını Fransa, İtaliya və İspaniya verir. Turizmin bu ölkələrin iqtisadiyyatında payı böyükdür.
Potensial qanunun qəbulu üçün Aİ-də ixtisaslı səs çoxluğu tələb olunur. Bu, üzv ölkələrin 55 faizinin və Aİ əhalisinin 65 faizini təmsil edən dövlətlərin dəstəyi deməkdir. Fransa, İtaliya və İspaniyanın ümumi çəkisi o qədər böyükdür ki, onlar daha bir ölkənin dəstəyini qazansalar, istənilən təşəbbüsün qarşısını ala bilər.
Alternativ variant kimi, ümumi qanunvericilik hazırlana və üzv ölkələrə insan hüquqlarını pozan istənilən dövlətin vətəndaşlarına turist vizalarının verilməsini məhdudlaşdırmaq imkanı tanına bilər. Belə bir sənəddə Rusiyanın adı birbaşa çəkilməyəcək.
Tövsiyələrin qanuna çevrilməsini istəyirlər
İndiyədək Avropa Komissiyası Rusiya vətəndaşlarının Aİ-yə qeyri-vacib səfərlərinin məhdudlaşdırılmasına dair yalnız tövsiyələr hazırlayıb.
Rusiya ilə həmsərhəd olan Estoniya, Finlandiya, Latviya və Litva artıq bu tövsiyələrdən istifadə edirlər. Onlar rusiyalılara viza verilməsini, demək olar ki, tamamilə dayandırıblar. Yalnız müxalif jurnalistlər, siyasətçilər, vətəndaş cəmiyyəti fəalları və xüsusi tibbi ehtiyacı olan şəxslər üçün humanitar vizalar istisnadır.
Məktubu hazırlayan ölkələr bu tövsiyələrin Aİ qanunvericiliyinə daxil edilməsini istəyirlər.
"Üzv dövlətlərin bu tövsiyələri qeyri-bərabər tətbiq etməsi həm həmrəylik, həm də ardıcıllıq baxımından qənaətbəxş deyil və üzv dövlətləri qeyri-bərabər iqtisadi vəziyyətə sala bilər", – məktubda deyilir.
2022-ci ilin payızında Aİ rusiyalıların birliyə girişini daha da çətinləşdirib. Brüssel və Moskva arasında 2007-ci ildən qüvvədə olan viza sadələşdirmə sazişi qeyri-müəyyən müddətə dayandırılıb.
Nəticədə rusiyalılara çoxdəfəli vizaların verilməsi dayandırılıb, viza rüsumu 35 avrodan 90 avroya qaldırılıb, əlavə sənədlər tələb edilməyə başlanıb və müraciətlərə baxılma müddəti uzadılıb.
Estoniya isə Aİ ölkələrini Ukrayna müharibəsində iştirak etmiş Rusiya veteranlarının Şengen zonasına girişini qadağan etməyə çağırır. Avropa miqyasında giriş qadağası tətbiq ediləcək geniş "qara siyahı"ların hazırlanması təklif olunur.