Rusiya daha bir neçə Avropa şirkətinin aktivlərini nəzarətə götürür

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Fransa, Almaniya, İsveç və Belçika şirkətlərinin ölkədəki aktivlərinin müvəqqəti idarəetməyə verilməsi barədə fərman imzalayıb. Avropa İttifaqının (Aİ) Ukraynaya dəstəyi fonunda Moskvanın bu blokla münasibətləri onsuz da gərgin olaraq qalırdı.

Oktyabrın 15-də imzalanan fərmanda Fransanın "Tarkett", Almaniyanın "Menshen", İsveçin "Sverige International Holdings" və Belçikanın "Ontex" şirkətlərinə məxsus aktivlər yer alıb.

Siyahıda həmçinin 2024-cü ilin dekabrında ABŞ-nin "Sonoco" şirkətinin satın aldığı "Eviosys" brendinin Rusiyadakı aktivləri də var. Fərmanda bu mülkiyyətin "Sonoco" şirkətinin Niderland bölməsinə məxsus olduğu qeyd edilib.

Kreml daha əvvəl bəyan etmişdi ki, xarici şirkətlərin aktivlərinin nəzarətə götürülməsi Aİ ölkələrinin döyüş əməliyyatlarında birbaşa iştirakına cavab addımıdır. Bununla belə, Moskva bu qərarların gələcəkdə əvvəlki vəziyyətə qaytarıla biləcəyini də istisna etməyib.

Ötən ay Rusiyada "Nestlé" qida sənayesi nəhənginə, həmçinin "Auchan" və "Metro" pərakəndə ticarət şəbəkələrinə qarşı da analoji addımlar atılmışdı.

Avropa nəhənglərinə qarşı atılan bu son addım Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün – oktyabrın 16-da keçirilən Aİ sammitindəki iştirakından əvvələ təsadüf edib. Paralel olaraq, ABŞ-nin Avropada Rusiyanın dondurulmuş bəzi aktivləri üzərində nəzarəti ələ keçirməyə çalışa biləcəyi barədə xəbərlər yayılıb.

Aİ Ukraynadakı müharibəyə cavab olaraq Rusiyanın təxminən 210 milyard avro (238 milyard dollar) dəyərində suveren aktivini dondurub. Avropada və digər Qərb ölkələrində Rusiya şirkətlərinə məxsus mülklər də hədəfə alınıb. Moskva Qərbin bu sanksiyalarını kəskin tənqid edir.