Rusiyada 'aborta meylləndirmə' maddəsi ilə ilk cərimə kəsilib

Hamilə qadının ultrasəs diaqnostikası

Rusiyada ilk dəfə bir şəxsi aborta meylləndirməyə görə məsuliyyətə cəlb ediblər. Mordoviya sakini 5 min rubl (63 dollar) cərimələnib. Onun hamiləliyini sonlandırmasından ötrü partnyorunu dilə tutduğu, prosedurun pulunu verməyi təklif etdiyi bildirilir.

"Aborta meylləndirmə" maddəsi üzrə ilk cərimə haqda ilk dəfə "Qadınlar həyat uğrunda" Fondu məlumat yayıb. Bu fond qadınları hamiləliyi sonlandırmamağa təşviq edir, Rusiyanın müxtəlif bölgələrində aborta çıxışın məhdudlaşdırılması üçün lobbiçilik edir.

"Mediazona" bu işə Saranskda baxıldığını, cərimənin dekabrın 8-də kəsildiyini dəqiqləşdirib.

"Qadınlar həyat uğrunda" Fondunun rəhbəri Natalya Moskvitina deyib ki, Saransk sakini əkizlərə hamilə qaldığını öyrənincə, partnyoruna xəbər verib. O isə uşaq istəmədiyini deyib, qadına abort təklif edib, pulunu verəcəyini əlavə edib. Qadın razılaşmayıb, onunla əlaqəni kəsib və məhkəməyə müraciət edib. İyulda o, ana olub. Əvvəlcə kişi onu abort üçün dilə tutduğunu boynuna alsa da, sonradan məhkəmədə bunu inkar edib, - fond bildirir.

Rejissor, feminist fəal Leda Qarina "Current Time"a müsahibəsində deyib ki, aborta meylləndirməyə görə regionlarda real cərimələrin tətbiqi artıq bütöv cəmiyyətin qorxudulmasıdır: "Bu, abort mövzusunu müzakirələrdə tabuya çevirir".

Rusiya hakimiyyəti 2023-cü ilin yayından regionlar səviyyəsində abortları məhdudlaşdırma kampaniyasına başlayıb. Mordoviya yerli qanunvericiliyin dəyişdirildiyi, aborta meylləndirməyə görə cərimələrin tətbiq olunduğu ilk region olub. Artıq azı 20 vilayətdə, o cümlədən ilhaq olunmuş Krımda oxşar qanunların qüvvədə olduğu bildirilir.