Bakıdakı 'Rus Evi'nin ləğvi prosesi başa çatıb

Bakıdakı "Rus Evi"

Azərbaycanda "Rus Evi"nin ləğvi prosesi başa çatıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da ilin yekunlarına dair mətbuat konfransında deyib. O, "Rus Evi"nin Azərbaycanda uzun müddət qeydiyyatsız fəaliyyət göstərdiyini bildirib.

Yerli informasiya agentlikləri nazirə istinadla yazır ki, "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Rusiyanın təyin etdiyi ləğvedicilər Azərbaycana gəliblər: "Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək vermişik. "Rus Evi"nin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb".

"Rossotrudniçestvo"nun təmsilçisi olan "Rus Evi" Bakıda bu ilin əvvəlində bağlanıb. Rəsmi Bakı bunu təmsilçiliyin hüquqi qeydiyyatının olmaması ilə izah edirdi. Daha öncə isə hökumət mediası "Rus Evi"ni casusluqda ittiham edib. Amma "Rossotrudniçestvo" federal agentliyinin rəhbəri Yevgeni Primakov bu ilin aprelində demişdi ki, Moskva ilə Bakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar, onun qeydiyyat formatı müzakirə olunur.

Ötən ilin dekabrında AZAL təyyarəsinin Qroznı üzərində vurulandan sonra qəzaya uğraması, 38 nəfərin ölümü Bakı ilə Moskva arasında siyasi gərginlik yaradıb. Bu il Rusiyada yaşayan etnik azərbaycanlılara qarşı zorakı reydlər, diaspor təmsilçilərinin həbsi baş verib. Oktyabrın 9-da iki ölkə liderinin Düşənbə görüşündə Rusiya tərəfi müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib. Amma üstündən üç aya yaxın müddət keçməsinə baxmayaraq, bunların heç biri baş verməyib.

Nazir Ceyhun Bayramov bugünkü mətbuat konfransında onu da deyib ki, Rusiya Azərbaycana məktubunda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub. Bu açıqlamaya Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.