Rumıniyanın baş naziri istefa verib

Marçel Çolaku

Rumıniyanın baş naziri Marçel Çolaku postundan istefa verdiyini və Sosial Demokrat Partiyasının hakim koalisiyadan çıxdığını açıqlayıb.

Çolakunun sözlərinə görə, dekabrda yaradılmış hakim koalisiya digər məsələlərlə yanaşı, sabit hökumət yaratmalı və Rumıniya prezidenti postuna vahid namizəd irəli sürməli idi. "Bu məqsədlərdən birinə nail olmadıq. Biz bazar günü səsvermənin nəticələrini gördük. Bu o deməkdir ki, hökumət koalisiyasının ən azı bu tərkibdə legitimliyi yoxdur və mən həmkarlarıma ondan çıxmağı təklif etmişəm ki, bu da öz növbəsində mənim baş nazir vəzifəsindən istefa verməyimlə nəticələnəcək", - o, jurnalistlərə bildirib.

Nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan onların arasından müvəqqəti hökumət başçısı təyin etməlidir.

Rumıniyada prezident seçkilərinin birinci turu mayın 4-də keçirilib. Birinci turun qalibi ultramillətçi Corce Simion olub. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, 40.96 faiz səs toplayıb.

Səsvermənin ikinci turu mayın 18-də keçiriləcək. Simionun rəqibi 20.99 faiz səs toplamış Buxarest meri Nikuşor Dan olacaq.

Hakim koalisiyanın namizədi Krin Antonesku 20.07 faiz səs toplayaraq üçüncü olub. Seçkilərdə ümumilikdə 11 namizəd iştirak edib.

Corce Simion mayın 4-də səsvermə məntəqələri bağlandıqdan sonra videobağlantı vasitəsilə tərəfdarlarına müraciət edir

Rumıniyada prezident seçkilərinin ikinci turu: Ultramillətçi Simion və mötədil Dan...

Artıq yekunlaşan nəticələr ultramillətçi Corce Simionun Rumıniya prezident seçkilərinin birinci turunda qəti qələbə qazandığını göstərir. Lakin o, bütün səsləri əldə edə bilmədiyi üçün mayın 18-də keçiriləcək ikinci turda iştirak etməli olacaq. Böyük ehtimalla, bu turda onun rəqibi Buxarestin meri Nikuşor Dan olacaq.

Mayın 5-də bütün səslər sayıldıqdan sonra, Rumıniya Mərkəzi Seçki Bürosunun məlumatına görə, Rumınların Birliyi Alyansı (AUR) partiyasının 38 yaşlı lideri C.Simion 40.9 faiz səs qazanıb.

Siyasi mötədil hesab edilən 55 yaşlı Dan ölkənin hakim koalisiyasının üzvü Krin Antoneskunu üstələyib. Bu nəticəyə diasporun səsləri də kömək edib və bu, böyük ehtimalla, onu Rumıniyanın həlledici prezident seçkilərinin ikinci turuna çıxaracaq.

Diaspora səsverməsində Simion 61 faizlə liderlik edib, onu 26 faizlə Dan və 6.8 faizlə Antonesku izləyib.

Antonesku ikinci turda kimi dəstəkləyəcəyini açıqlamayıb.

"Bilmirəm, hansı koalisiyalar formalaşacaq. Mən heç bir koalisiyanın tərkibində deyildim", – o bildirib.

Simion isə tərəfdarlarına müraciətində "biz bu gün birgə tarix yazdıq" deyib.

Səsvermə Rumıniyadan kənarda da diqqətlə izlənilirdi. Bunun əsas səbəblərindən biri Simionun Ukrayna və Moldova ərazilərinin bir hissəsi ilə bağlı iddialı və mübahisəli açıqlamalar verməsi, eləcə də Rumıniyanın Ukraynaya hərbi yardımlarını sual altına alması idi.

Ancaq o, Rusiyanın Ukraynaya qarşı davam edən işğalını da tənqid edib.

Rumıniyada mübahisəli seçkilər ləğv edilmişdi

Keçən ilin noyabrında rusiyapərəst millətçi namizəd Kelin Corcesku səsvermənin ilk turunda sürpriz qələbə qazanmışdı. Lakin hakimiyyət orqanları Corceskunun namizədliyini gücləndirmək məqsədilə Rusiya tərəfindən xüsusi kampaniya aparıldığına dair iddialar fonunda seçki nəticələri ləğv etmiş və Corcesku yeni seçkilərdə iştirakdan kənarlaşdırılmışdı. Həmçinin 4 mayda keçirilən təkrar seçkilər üçün bir sıra yeni qaydalar tətbiq olundu.

Seçki nəticələrinin ləğvi Rumıniyadan kənarda, xüsusən də ABŞ vitse-prezidenti Ceyms Devid Vens tərəfindən tənqid olundu. Vens fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən, Rumıniya hökumətini "şübhəli və zəif" dəlillərə əsaslanaraq və qonşu ölkələrdən gələn böyük təzyiqlə hərəkət etməkdə suçladı.

Simion isə açıq şəkildə ABŞ prezidenti Donald Trampın və onun "Amerikanı Yenidən Böyük Et" hərəkatına dair ritorikasının müəyyən elementlərini dəstəkləyir.

Aprelin 24-də Rumıniyanın seçki orqanları Simionun siyasi partiyasının seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozması iddiaları ilə bağlı araşdırma başlatdığını bəyan edib. Araşdırma Simionun Trampa yaxın məşhur media fiqurları ilə Vaşinqtonda görüşlər təşkil etmək üçün ABŞ-də bir lobbi şirkətinə 1.5 milyon dollar ödəməsi iddiaları ətrafında aparılıb. Simion bu iddiaları rədd edib.

Rumıniyadakı səsvermə xarici müşahidəçilər tərəfindən də izlənilib. Seçkiöncəsi hesabatında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri Rumıniyanın bəzi qeydiyyat və səslərin hesablanması prosedurlarını tənqid etmişdilər.

Tramp administrasiyası da ATƏT-dən müstəqil olaraq öz seçki müşahidəçisini də ölkəyə göndərib. ABŞ seçkilərini izləyən Federal Seçki Komissiyasının yüksəkvəzifəli bir rəsmisi Rumıniyada prosesi izləyib.

Çox sayda müşahidəçi Simionun ikinci turda qalib gəlməsinin çətin olacağına inanır.