Almaniya kansleri Fridrix Merts deyir ki, köhnə dünya düzəni artıq mövcud deyil. O, fevralın 13-də Münxen Təhlükəsizlik Konfransında açılış nitqində Rusiyanın və Çinin yaratdığı təhdidlərlə bağlı xəbərdarlıq edib, qarşıdakı problemlərin həllindən ötrü ABŞ-Avropa münasibətlərinin bərpa olunmasının vacibliyini vurğulayıb.
"Ən yaxşı günlərində belə qüsurlu olsa da, hüquq və qaydalara söykənən qlobal nizam artıq yoxdur. ...Biz yenidən açıq şəkildə güc və böyük güclərin siyasəti ilə xarakterizə olunan bir dövrə adlamışıq", – Merts illik konfransdakı çıxışında deyib.
Kansler Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsini yeni sərt reallığa ən aydın örnək kimi göstərib. Onu da deyib ki, "Çin başqalarının asılılıqlarını sistemli istismar edir".
Merts yeni transatlantik tərəfdaşlığa çağırıb. O xəbərdarlıq edib ki, böyük güclərin rəqabəti dövründə hətta ABŞ belə təkbaşına yetərincə güclü olmayacaq.
"Atlantik okeanın hər iki tərəfində başa düşməliyik ki, birlikdə daha güclüyük... Gəlin transatlantik etimadı birlikdə bərpa edək, dirçəldək", – o vurğulayıb.
Bir il öncə Münxen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Cey Di Vens kəskin çıxış etmişdi. O, Avropanın immiqrasiya və ifrat sağ siyasi partiyalarla bağlı təhlükəli siyasət yürütdüyünü demişdi.
"Avropa ilə ABŞ arasında uçurum yaranıb. Vitse-prezident C.D.Vens bunu bir il əvvəl Münxendə çox açıq ifadə edib", – Merts söyləyib.
Marko Rubio Münxenə yola düşür
Rubio: Dünya 'həlledici' məqama çatıb
ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransına yola düşərkən deyib ki, dünya həlledici məqama çatıb. O, artıq Almaniyadadır.
"Dünyanın çox sürətlə dəyişdiyini görürük. Köhnə dünya, açığı, mənim böyüdüyüm dünya artıq yoxdur, biz yeni geosiyasi dövrdə yaşayırıq. Bu isə hamımızdan bu dünyanın necə göründüyünü, rolumuzun nə olacağını yenidən nəzərdən keçirməyi tələb edəcək", – Rubio jurnalistlərə söyləyib.
Zelenski ilə görüş istisna olunmur
Dövlət katibi fevralın 14-də Münxendə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyini istisna etməsə də, görüşün alınacağına "yüz faiz" əmin olmadığını da vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa AzadlıqRadiosuna deyib ki, o da Rubio ilə danışacağını gözləyir. "Ən yüksək səviyyədə mütəmadi təmasları davam etdirməyə maraqlıyıq. Müharibəni yalnız Tramp, Amerika tərəfi bitirə bilər", – Sibiqa deyib.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ-Rusiya-Ukrayna danışıqlarının yeni raundunun fevralın 17-18-də Cenevrədə keçiriləcəyini deyib. Hələlik, ABŞ və Ukraynadan əlavə şərh gəlməyib.
"Bizim əldə edə biləcəyimiz ən vacib şey müharibəni ləyaqətli sülhlə bitirmək, Ukrayna və bütün Avropa üçün etibarlı təhlükəsizlik zəmanətləri yaratmaq olar...", – Zelenski X postunda özünün Münxenə çatması görüntüsü ilə birlikdə bu sözləri yazıb.
Rubio Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumları ilə bağlı deyib ki, Vaşinqtonun sülh səylərini davam etdirməsinin səbəbi məhz budur. Bu hücumlar nəticəsində yüz minlərlə insan qışın soyuğunda istiliksiz, işıqsız qalıb.
"İnsanlar əziyyət çəkir. İlin ən soyuq vaxtıdır. Əziyyəti təsəvvür etmək belə mümkün deyil", – o əlavə edib.
Təşkilatçılar builki tədbirin indiyədək ən böyük konfrans olduğunu deyirlər, mindən çox təmsilçi, təxminən 50 hökumət başçısı və aparıcı diplomat iştirak edir. Konfrans qlobal qarışıqlıq fonunda keçirilir: ABŞ-nin İrana hava zərbələri endirməsi ehtimalı var, Rusiyanın Ukraynada təcavüzkar müharibəsinin dörd ili tamam olmaq üzrədir, NATO transatlantik ittifaqının gələcəyi ilə bağlı gərginliklər mövcuddur.
2025-ci il Münxen Təhlükəsizlik Konfransı
"Onlar NATO üzvü olmayacaqlar"
Konfrans ərəfəsində keçirilən bir kiçik tədbirdə də bu narahatlıqlar sezilib. Avropa Komissiyasının keçmiş prezidenti Xose Manuel Barrozu deyib ki, "biz… Atlantik kimi qalmalı, amma NATO-nu avropalaşdırmalıyıq".
Vaşinqtonun prosesdən uzaqlaşması ilə bağlı qorxular fonunda Barrozu düşünür ki, Avropa müdafiə sahəsində daha müstəqil olmalıdır, Ukraynanın Avropa İttifaqına üzvlüyü isə təhlükəsizliyi gücləndirəcək.
"Düzü, onlar NATO üzvü olmayacaqlar. Amma Avropa İttifaqının üzvü ola bilərlər. Gəlin bir yolunu tapaq", – Barrozu AzadlıqRadiosuna deyib.
Fevralın 13-də nahardan az sonra Almaniya kansleri Fridrix Merts konfransı rəsmən açacaq. Onun sonrakı müzakirələrin tonunu müəyyənləşdirəcəyi gözlənilir. Son çıxışlarında o, Rusiyanın təcavüzü, Vaşinqtonun NATO-ya bağlılığı ilə bağlı qeyri-müəyyənlik fonunda Avropanın hərbi gücünü gücləndirməsinin vacibliyini vurğulayıb.
O, yanvarda deyib ki, Avropanın səsi yalnız "güc siyasətinin dilini mənimsədikdə, özümüz Avropa gücünə çevrildikdə" eşidiləcək.
Gərgin dünya, qırılma nöqtəsi
AzadlıqRadiosunun jurnalistlər Rey Förlonq və Aleks Raufoğlu xəbər verirlər ki, konfransdakı ab-hava planlaşdırılan müzakirələrin adlarında da əks olunur. "Gərgin dünyada körpülər salmaq", - günə belə bir səhər yeməyi ilə başlayacaqlar. Ardınca "Güc olmadan qaydalar? Avropanın geostrateji imkanlarının inkişafı" adlı panel müzakirəsi keçiriləcək.
Günün ikinci yarısında əsas səhnədə müzakirə isə "Qırılma nöqtəsi: İslahat və dağıntı arasında beynəlxalq düzən" adlanır.
Rubio Münxenə yola düşməmişdən deyib ki, narahat avropalılara çatdıracağı mesajın yaxşı qarşılanacağından əmindir. Dövlət katibini ABŞ senatorlarından ibarət geniş, ikipartiyalı nümayəndə heyəti müşayiət edir.