ABŞ dövlət katibi Marko Rubio iyulun 19-da bildirib ki, İran Hörmüz boğazından "dünyaya qarşı təzyiq vasitəsi" kimi yararlanmağa çalışır. O, Tehranı bu beynəlxalq əhəmiyyətli su yoluna nəzarət cəhdində ittiham edib, digər ölkələri qlobal gəmiçiliyin qorunması yükünü ABŞ ilə bölüşməyə çağırıb.
Rubio ASEAN xarici işlər nazirlərinin toplantısında iştirak üçün Filippinə yola düşməzdən öncə jurnalistlərə danışıb. Dövlət katibinin sözlərinə görə, ABŞ-nin hərbi əməliyyatları yalnız İranın ticarət gəmilərinə hücumlarını önləməyə və Tehranın dəniz nəqliyyatını təhdid imkanlarını zəiflətməyə yönəlib.
"Aydındır ki, İranın, ən azı onun bəzi rəhbərlərinin məqsədi Hörmüz boğazına nəzarət etmək, bundan dünyaya qarşı təzyiq vasitəsi kimi yararlanmaqdır. ABŞ qlobal gəmiçiliyi qorumaq üçün gərəkəni yerinə yetirməkdə davam edəcək. Amma digər ölkələr də bu yükü bölüşmək üçün istər texnika, istərsə də maliyyə baxımından daha böyük töhfə verməlidirlər", – Rubio bildirib.
O vurğulayıb ki, dünyanın ən işlək dəniz ticarət marşrutlarından birinin təhlükəsizliyinə görə məsuliyyəti yalnız ABŞ daşıya bilməz.
"Bütün planetdə gəmiçiliyi əbədi qorumaq ABŞ-nin işi deyil", – o deyib.
Rubio bildirib ki, ABŞ-nin hazırkı hərbi kampaniyası yalnız hərbi obyektləri hədəf alır, İran bu aktivlərdən Hörmüz boğazında ticarət gəmilərinə qarşı raket və dron hücumları reallaşdırmaq üçün istifadə edir. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq su yolu kimi açıq qalmalıdır.
"ABŞ-nin zərbələr endirməsinin yeganə səbəbi İranın qlobal ticarət gəmiçiliyinə hücum üçün əl atdığı hərbi imkanlarıdır", – Rubio söyləyib və bu zərbələrin İranın gəmilərə hücum potensialını əhəmiyyətli dərəcədə zəiflətdiyini əlavə edib.
Diplomatiya hələ də mümkündür
Rubio Vaşinqtonun danışıqlara açıq olduğunu, bunun üçün Tehranın davranışında real dəyişiklik olmasının vacibliyini qeyd edib.
"Biz həmişə diplomatiyaya açığıq. Amma bu, real olmalıdır. İran razılaşmanın şərtlərinə əməl etməyə hazır olmalıdır", – o deyib.
Rubio İranı Hörmüz boğazını yenidən açmaq əvəzinə gəmiçiliyə hücumları davam etdirməklə əvvəlki razılaşmaları pozmaqda günahlandırıb.
Dövlət katibi deyir ki, İran rəhbərliyi daxilində iqtisadi problemlərin diplomatik yolla həllini istəyənlərlə hərbi qarşıdurma tərəfdarları arasında fikir ayrılığı getdikcə dərinləşir: "İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu anlayanlarla həyatı yalnız hərbi yanaşma prizmasından görən və raket buraxmağa davam edənlər arasında parçalanmanın artması müşahidə olunur".
Rubionun sözlərinə görə, Tehranda daha praqmatik qüvvələr üstünlük qazanarsa, Vaşinqton danışıqların davam etdirilməsini dəstəkləyəcək. Əks halda, qarşıdurmanın qalması İranın iqtisadi böhranını daha da ağırlaşdıracaq.
"Bu, İran üçün yaxşı olmayacaq", – deyən Rubio ölkə iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu, inflyasiyanın sürətlə artdığını, ərzaq və yanacaq qıtlığı yaşandığını, dövlət gəlirlərinin azaldığını söyləyib.
Dövlət katibi İran rəhbərliyini ölkənin resurslarını öz vətəndaşlarına deyil, "Hizbullah", HƏMAS və regiondakı silahlı qruplara yönəltməkdə ittiham edib.