ABŞ prezidenti Donald Tramp Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyana dəstək verib. Ondan əvvəl dövlət katibi Marko Rubio, bu ilin fevralında isə vitse-prezident Cey Di Vens Paşinyanı dəstəkləmişdi.
Tramp sosial mediada yazıb ki, Paşinyan Ermənistanı güclü, varlı və çox təhlükəsiz ölkəyə çevirir, "Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün SÜLH və RİFAH baxışımı tam bölüşür".
Prezident dövlət katibi Rubionun bu həftə Ermənistana səfəri çərçivəsində hər iki ölkə üçün bir neçə mühüm razılaşmanı irəli apardığını vurğulayıb.
"Yaxın zamanda ABŞ və Ermənistan birlikdə "Sülh və Rifah üçün Tramp Marşrutu"nun tikintisinə başlayacaq. Bu layihə Cənubi Qafqazı dəyişdirəcək və Amerikanın möhtəşəm enerji şirkətlərinin Orta Asiyadan ABŞ-yə qədər çıxış əldə etməsinə kömək edəcək", – Tramp yazıb.
Rubio seçkiöncəsi Paşinyana dəstək bildirib
ABŞ dövlət katibi Marko Rubio iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyana dəstək bildirib.
Yerevanın "Zvartnots" hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə çıxış edən Rubio deyib: "Siz, baş nazir və bütün komandanız Ermənistan üçün daha parlaq və müstəqil gələcəyə yol açırsınız. Burada onların cəsarətinə, baxışlarına, fədakarlığına və ölkələrinin gələcəyini görmək iradələrinə dəstəyimi bildirməkdən çox məmnunam".
2018-ci ildə korrupsiyaya qarşı küçə etirazları nəticəsində hakimiyyətə gələn Paşinyan parlament seçkilərində yenidən seçilməyə çalışır. O, ölkəsini Rusiyadan uzaqlaşdıraraq Qərbə yaxınlaşdırmağa çalışır.
Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın üzvlüyünü dondurub. Yerevan may ayının əvvəlində bir sıra Avropa liderlərinin qatıldığı sammitə ev sahibliyi edib. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib ki, bu da Moskvanın narazılığına səbəb olub.
Kremlin sözçüsü Dmitri Peskov Rubionun səfərindən bir gün əvvəl bildirib ki, hələ də Rusiyanın enerji resurslarından asılı olan Ermənistan Rusiyadan uzaqlaşarsa, Rusiya qazı üçün "çox, çox cəlbedici və hətta imtiyazlı" qiyməti itirə bilər.
Ermənistanın xarici işlər naziri Mirzoyan isə Yerevanın Vaşinqtonla münasibətlərinin yaxınlaşdığını vurğulayıb: "İkitərəfli gündəliyimizdəki vaxtaşırı və müntəzəm inkişafı nəzərə alsaq, şişirtmədən deyə bilərik ki, biz tarixi baxımdan görünməmiş bir mərhələyə daxil olmuşuq".
Marko Rubio (solda) və Ararat Mirzoyan
Rubio və Mirzoyan hava limanında strateji saziş imzaladılar
ABŞ dövlət katibi Marko Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə iki ölkə arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu" (TRIPP) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini paraflayıblar. Ermənistan Respublikası ilə ABŞ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də kritik mineralların hasilatı və emalı ilə bağlı çərçivə memorandumu da imzalanıb.
"Biz bu yaxınlarda strateji tərəfdaşlığımızı yeni səviyyəyə qaldırdıq və onun adını "hərtərəfli strateji tərəfdaşlıq" olaraq dəyişdirdik", — deyə Ermənistanın xarici işlər naziri bildirib.
ABŞ dövlət katibi M.Rubio isə iki ölkənin əməkdaşlığının yalnız TRIPP layihəsi ilə məhdudlaşmadığını diqqətə çatdırıb: "Əməkdaşlığımızı müxtəlif istiqamətlərdə inkişaf etdiririk. Həmçinin ikitərəfli münasibətlərimizin çərçivəsini müəyyən edən, həm ermənilərin, həm də amerikalıların faydalana biləcəyi yeni bir yolu göstərən Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalamışıq".
Danışıqlar birbaşa hava limanında aparılıb. ABŞ dövlət katibinin Yerevana qısa səfəri təxminən bir saat çəkib.
Azərbaycanla sülh prosesini də müzakirə edib
ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Marko Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanla sülh prosesini, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nu (TRIPP), həmçinin Ermənistanda qarşıdan gələn seçkiləri müzakirə edib.
İki lider TRIPP üzrə ikitərəfli çərçivə sazişini elan edib, Strateji Tərəfdaşlıq Xartiyası və Kritik Minerallara dair Anlaşma Memorandumu imzalayıblar.
"Bu sənədlər ikitərəfli münasibətlərimizi dərinləşdirir, Prezident Donald Trampın 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında tarixi sülh sammiti zamanı Birləşmiş Ştatlar və Ermənistan arasında əldə olunmuş razılaşmaları irəli aparır", – Departament vurğulayır.
ABŞ dövlət katibi Marko Rubio Yerevan aeroportunda
Marko Rubio Yerevanda
Mayın 26-da ABŞ dövlət katibi Marko Rubio xanımı ilə birlikdə Yerevana gedib. Onu "Zvartnots" beynəlxalq hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.
+++
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Orada "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə də bağlı razılıq əldə edilib.
Baş nazir Nikol Paşinyan mayın 24-də TRIPP-in tikintisinə tezliklə başlanılacağını açıqlayıb.
"Yaxın gələcəkdə ABŞ ilə TRIPP layihəsi ilə bağlı yekun razılaşmanı imzalayacağıq, həmin razılaşmanı həyata keçirəcəyik və nəticədə Ermənistan Respublikası nəzəri olaraq deyil, hərfi mənada sülhün kəsişməsinə çevriləcək", – Paşinyan bildirib.
Vens Paşinyana dəstək vermişdi
Bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana və Azərbaycana səfər etmişdi. Bakıda Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalanmışdı.
Yerevanda isə o, baş naziri tərifləmiş, 7 iyun parlament seçkilərində ona dəstək bildirmişdi.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu ayın əvvəlində Rusiyanı parlament seçkiləri vasitəsilə Paşinyan hökumətini devirməyə çalışmaqda ittiham edib. Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin Yerevanı parlament seçkilərində "rusiyayönümlü" adlandırdığı müxalif qüvvələrin iştirakına mane olmamaq barədə xəbərdarlıq edib. O, Ermənistan hökumətinin Avropa İttifaqına yaxınlaşmasının ölkə üçün ağır iqtisadi nəticələr doğura biləcəyinə eyham vurub.
Seçkilərdə iştirak edən üç müxalif blokun başında rusiyalı erməni milyarder Samvel Karapetyan, Rusiyaya yaxın sayılan keçmiş prezident Robert Koçaryan və digər nüfuzlu işadamı Qaqik Tsarukyan dayanır. Paşinyanın siyasi müttəfiqləri onları "Rusiyanın agentləri" adlandırırlar.
Ermənistanda seçki kampaniyası həbslərlə müşayiət olunur. Bəzi müxalifətçilər səs satınalma ittihamı ilə həbs olunur. Müxalifət qüvvələri ittihamları siyasi motivli sayır.