Rubio Vaşinqtonun NATO-dan çıxmayacağını deyir

ABŞ dövlət katibi Marko Rubio Bratislavada Slovakiya baş naziri Robert Fitso ilə birgə mətbuat konfransında.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun NATO-dan çıxmayacağını deyir. O, fevralın 15-də Slovakiyanın baş naziri Robert Fitso ilə birgə çıxışında ABŞ-nin Avropada son qüvvə yerdəyişməsinin yaratdığı narahatlıqlara cavab verib.

"NATO-dan çıxmırıq. Alyansı tərk etmirik… Bir ölkədən digərinə bir neçə min əsgər göndərə bilərik, amma bu, həmişə olub", – Rubio deyib.

ABŞ-nin Avropada 80 mindən 100 minədək hərbçisi var, əməliyyatlardan, təlimlərdən asılı olaraq say dəyişir. Ötən ilin payızında Vaşinqton bəyan edib ki, çoxu Rumıniyada yerləşən 101-ci Hava-Desant Diviziyasının yeri dəyişdirilir.

Rubio Vaşinqtonun Avropanı müdafiəyə daha çox pul ayırmaq çağırışının təlaşla yozulmasını tənqid edib. "Biz hər dəfə bunu deyəndə adamlar dəli olurlar. Düşünürlər ki, biz NATO-dan çıxacağıq, müttəfiqlərimizi tərk edəcəyik. Biz müttəfiqlərimizin daha güclü olmasını, birlikdə daha güclü olmağımızı istəyirik", – Rubio deyib.

AzadlıqRadiosunun aparıcı Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Rubio Avropa müttəfiqlərini müdafiəyə daha çox xərcləməyə çağırıb. O, ABŞ-nin Avropadan asılı qalmasını istəmədiyini açıq deyib: "Avropadan ABŞ-nin vassalı olmasını istəmirik. Sizin tərəfdaşınız olmaq istəyirik".

Bir gün öncə Münxen Təhlükəsizlik Konfransında çıxışında dövlət katibi ABŞ və Avropanın taleyinin oxşar olduğunu deyib. O həmçinin Avropanın mədəni və iqtisadi tənəzzülünü yoluna qoymağa, kütləvi miqrasiyaya nəzarəti saxlamağa çağırıb, transatlantik birliyi vurğulayıb.

Rubio Slovakiya səfəri bir neçə saat çəkib, oradan Budapeştə yollanıb. Onun Macarıstanın baş naziri Viktor Orban ilə görüşü gözlənilir.