Ronaldo futbol tarixində üçüncülüyə yüksəldi. Birinci - ərdəbilli futbolçudur

Christiano Ronaldo

Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldo millidə vurduğu qolların sayına görə futbol tarixində üçüncülüyə yüksəlib.

Cümə günü Misir komandası ilə oyunda əlavə edilmiş vaxtda iki top vurandan sonra (Portuqaliya 2-1 qalib gəlib) Ronaldo yığmadakı qollarının sayını 81-ə çatdırıb.

O, bu göstərici ilə yaponiyalı Kunishige Kamamoto-nu (80 qol) qabaqlayıb.

Futbol tarixində yığmada ən çox top vuran futbolçular isə Əli Daei (109 qol, İran) və macar Ferens Puşkaş (84, Macarıstan, İspaniya) olub.

Ərdəbil doğumlu Əli Daei İran azərbaycanlısıdır. Hazırda "Saipa" komandasının baş məşqçisi vəzifəsində çalışır.

10 il qabaq futbolçu karyerasını bitirən Daei "Bayern", "Hertha" kimi Avropa klublarında çıxış edib.

Iran – Əli Daei "Persepolis" komandasının baş məşqçisi olarkən. 2013