Rockefeller 101 yaşında vəfat edib

David Rockefeller

Milyarder və xeyriyyəçi David Rockefeller Nyu Yorkdakı evində, yuxudaykən, 101 yaşında vəfat edib.

Cənab Rockefeller Standard Oil şirkətinin əsasını qoymuş məşhur John D Rockefeller-in nəvəsi və oğul John D Rockefeller-in 5 oğlundan ən kiçiyi idi.

David Rockefeller 1936-cı ildə Harvard Universitetindən məzun olmuş, 1940-cı ildə Çikaqo Universitetində iqtisadiyyat üzrə doktorluq müdafiə etmişdi.

O, İkinci Dünya Müharibəsində iştirak etdikdən sonra Chase Bank-da çalışmışdı. Bu bank indi JP Morgan Chase kimi tanınır.

Dünyanın ən tanınmış kapitalist ailəsindən olan David Rockfeller xaricdəki iqtisadiyyatlara dəstək verirdi.

Onun liderliyi altında Chase Sovet İttifaqı və Çində filial açan ilk ABŞ bankı olmuşdu.

Cənab Rockefeller 1981-ci ildən, 65 yaşından təqaüddə idi.

David Rockfeller xatirələrdə həm də böyük xeyriyyəçi və incəsənətin himayədarı kimi qalacaq. Bir vaxtlar onun incəsənət kolleksiyasının qiyməti 500 milyon dollar idi.

O 2015-ci ildə, özünün 100 illik yubileyində şəxsi mülkiyyətində olan torpaqların 4 kvadrat kilometrini dövlətə hədiyyə etmişdi.