Respublika Günü Müstəqillik Günü oldu

Azərbaycan bayrağı

Bu gün, oktyabrın 15-də Milli Məclisdə "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunur.

Layihə üçüncü oxunuşdan da keçib.

İndiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1991-ci il oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib. Orada yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. AXC devriləndən sonra Azərbaycan SSRİ-nin tərkibində olub.

Bu layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri və müxalifət öz narazılıqlarını bildiriblər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid ediblər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədiblər. Onlar hesab edirlər ki, hazırkı hakimiyyət reallıqda, respublika dəyərləri kimi, onun adından da imtina etməkdədirlər.