Azərbaycanda ərzaq qiymətləri artmaqda davam edir. Rəsmi statistikaya görə, ilin ilk 10 ayında inflyasiya 5.6 faiz olub. Ancaq gündəlik alış-verişə daha çox pul xərclədiyini deyən vətəndaşlar üçün bu rəqəm bahalaşmanı tam əks etdirmir.
Bakıda yaşayan iki uşaq anası Mənsumə deyir ki, son bir ildə ərzaq xərcləri xeyli artıb. Əvvəllər həftəlik bazarlığa ayırdığı 100 manat indi eyni məhsullara çatmır: "Keçən il 100 manata ət, yağ, yumurta, kartof, bir də uşaqlar üçün xırda-para şeylər alırdım. İndi eyni bazarlıq haradasa 115–120 manata başa gəlir. Maaş isə yerində sayır. Hər dəfə marketə girəndə ya siyahıdan nəsə çıxarırıq, ya da daha ucuzunu axtarırıq".
Onun sözlərinə görə, ərzağa daha çox pul xərclədikləri üçün uşaqların geyiminə və gəzintisinə ayırdıqları vəsaiti də azaltmalı olublar. Mənsumə bahalaşmanın təkcə ərzaqla məhdudlaşmadığını söyləyir.
Rəsmi rəqəmlər nə göstərir?
Dövlət Statistika Komitəsinin (DSK) noyabrda açıqladığı məlumatlar Azərbaycanda bahalaşmanın davam etdiyini göstərir. Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz artıb. Ən yüksək artım isə 6.8 faizlə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında baş verib. Qeyri-qida məhsulları 3.7 faiz, ödənişli xidmətlər isə 5.4 faiz bahalaşıb.
Sentyabrın yekununda ümumi inflyasiya 5.7 faiz olduğu halda, 10 aylıq göstərici 5.6 faizə enib. Amma bu, qiymətlərin ucuzlaşması demək deyil. Əksinə, təkcə oktyabrda əvvəlki ayla müqayisədə qiymətlər daha 0.3 faiz yüksəlib. Bahalaşma xüsusilə ərzaq bazarında hiss olunub: mal və qoyun əti, toyuq, yumurta, kartof və digər gündəlik istehlak məhsullarının qiymətləri artıb. Düyü, makaron, bəzi meyvələr və şəkər tozu kimi məhsullarda isə ucuzlaşma olub.
Qiymət artımı fonunda əhalinin alış-veriş xərcləri də diqqət çəkir. Pərakəndə satışlara xərclənən hər 100 manatın təxminən 50 manatı ərzağa, daha 4 manatı isə içki və tütün məmulatlarına sərf edilib.
Bir nəfərin aylıq orta pərakəndə alış-veriş xərci 559.9 manat olub ki, bunun da 302.3 manatı ərzaq, içki və tütün məmulatlarına yönəlib.
İqtisadçı Elçin Rəşid AzadlıqRadiosuna bildirir ki, ərzaq qiymətlərinin ümumi inflyasiyadan daha sürətlə artması son aylarla məhdudlaşmır. Onun sözlərinə görə, bu tendensiya pandemiya dövründən bəri davam edir və xüsusilə aztəminatlı ailələrin yaşayışına təsir göstərir: "Yüksəkgəlirli insanlar ərzağa daha çox pul xərcləsələr də, bu, onların gəlirlərinin kiçik hissəsini təşkil edir. Yoxsul ailələrdə isə ərzaq xərcləri gəlirin 70–90 faizinə, bəzən hətta 100 faizindən çoxuna çata bilir. Belə hallarda insanlar ərzaq almaq üçün borclanmalı olurlar".
Sizin brauzer HTML5-i dəstəkləmir
'İnsanlar çörəyi zibil qablarından axtarırlar'. Rəsmi inflyasiya və reallıq
İnflyasiya necə hesablanır?
Bəs rəsmi inflyasiya necə hesablanır və başqa metodologiya tətbiq olunsa, nəticə dəyişərmi?
Azərbaycanda rəsmi inflyasiya DSK-nın müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi əsasında hesablanır. Komitənin metodologiya səhifəsində ölkənin 58 şəhər və rayonunda 528 mal və xidmətin qiymətinin izləndiyi göstərilir. Bunların 151-i ərzaq, 274-ü qeyri-ərzaq məhsulları, 103-ü isə xidmətlərdir. Amma DSK-nın 2026-cı ilin oktyabr bülletenində və "Azərbaycanda qiymətlər" məcmuəsində hesablamaların 566 təmsilçi məhsul və xidmət növü əsasında aparıldığı bildirilir. Rəsmi sənədlərdəki bu 38 mal və xidmət fərqinin səbəbini DSK-dan dəqiqləşdirə bilmədik. Komitənin ümumi məlumatına görə, hər ay 5 min 283 ticarət məntəqəsində 500 mindən çox qiymət müşahidəsi aparılır.
İqtisadçı E.Rəşid Azərbaycanda inflyasiyanın ABŞ və Avropa ölkələrindəki kimi istehlak qiymətləri indeksi əsasında hesablandığını deyir. Bu zaman təkcə məhsulların qiymətinin nə qədər artıb-azalması deyil, həm də insanların öz büdcəsindən həmin məhsullara nə qədər pul ayırdığı nəzərə alınır. İnsanların alış-veriş vərdişləri dəyişdikcə bu paylar da yenilənir. Rəşid hesablamanın nəticəsinə təsir etməyin mümkün olduğunu deyir: "Nəticəni dəyişdirmək mümkün olan məqamlardan biri elə bu payların müəyyən edilməsidir".
İqtisadçı bildirir ki, əvvəlki dövrün qiymətlərinin olduğundan yüksək götürülməsi sonrakı bahalaşmanı daha aşağı göstərə bilər. Mövsümi məhsulların qiymətləri və istehlak miqdarının necə nəzərə alınması da nəticəyə təsir edir.
İqtisadçı Rəşad Həsənov bildirir ki, inflyasiyanın hesablanması üzrə beynəlxalq metodoloji tövsiyələr mövcud olsa da, ölkələr iqtisadiyyatın quruluşuna və əhalinin istehlak vərdişlərinə uyğun fərqli yanaşmalardan istifadə edirlər. Bu fərqlərdən biri istehlak səbətinə daxil edilən mal və xidmətlərin sayıdır. Məsələn, 2026-cı ildə Türkiyədə 428, Gürcüstanda isə 305 mal və xidmət inflyasiyanın hesablanmasına daxil edilib; ABŞ-də isə istehlak xərcləri 200-dən çox kateqoriya üzrə təsnifləşdirilir.
"Hansı məhsulların bu səbətdə nə qədər xüsusi çəki ilə nəzərə alınması çox vacib bir faktordur. Hesablama zamanı yekun nəticə həmin məhsulun ümumi səbətdəki payından asılıdır", – deyən iqtisadçı əhalinin az istifadə etdiyi, lüks kateqoriyasına aid mal və xidmətlərə yüksək çəki verilməsinin ümumi inflyasiyanı aşağı göstərə biləcəyini vurğulayır. Onun sözlərinə görə, qiymət artımının bölgələr üzrə fərqlənməsi də hər bir regionun hesablamada hansı payla nəzərə alınmasını əhəmiyyətli edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Kredit faizləri niyə artır? 'Ərzaq almaq üçün borca girən də var'
Rəsmi inflyasiyanı müstəqil yoxlamaq mümkündürmü?
R.Həsənov ölkədə müstəqil inflyasiya hesablamaları aparmaq imkanlarının məhdud olduğunu deyir. Onun sözlərinə görə, əvvəllər bəzi yerli şirkət və qeyri-hökumət təşkilatlarının apardığı hesablamalar rəsmi göstəricilərlə təxminən 2–2.2 dəfə fərq ortaya çıxarıb. İqtisadçı əvvəlki təcrübələrə dayanaraq, 5–6 faizlik rəsmi inflyasiyaya alternativ göstəricinin 11–13 faiz arasında ola biləcəyini ehtimal edir. Bununla belə, o, bu rəqəmin yeni hesablamaya əsaslanmadığını vurğulayır: "Bu, real rəqəmdən fərqlənə bilər, buna sadəcə bir ehtimal kimi baxmaq lazımdır".
Alternativ qiymət müşahidələrinə nümunələrdən biri "Meyar" Sosial İqtisadi Tədqiqat Qrupunun 2023-cü ildə apardığı araşdırmadır. Qrup Bakıda 50 məhsulun qiymətini izləyərək apreldə 1.3 faizlik ərzaq bahalaşması müəyyən etmişdi. DSK isə həmin ay Bakı üzrə ümumi inflyasiyanın 0 faiz olduğunu açıqlamışdı. Tədqiqatda iştirak etmiş iqtisadçılardan biri AzadlıqRadiosuna deyir ki, həmin dövrdən bəri əsas problem dəyişməyib: inflyasiya hesablamalarında məhsulların seçilmə meyarları və istehlak səbətindəki xüsusi çəkiləri kifayət qədər açıqlanmır. Bu isə müstəqil hesablamaları çətinləşdirir və nəticələrin manipulyasiyasına imkan yaradır.
İqtisadçı E.Rəşid deyir ki, rəsmi rəqəmləri dəqiq yoxlamaq üçün alternativ hesablamalar eyni məhsullar, eyni zaman aralıqları və oxşar xərc payları əsasında aparılmalıdır. Bunun üçün ölkənin müxtəlif bölgələrində qiymətlər müntəzəm izlənməlidir. O, belə araşdırmanın böyük həcmdə məlumat və əmək tələb etdiyini vurğulayır: "Bir il yazanda hələ inflyasiyanı hesablamırsan, bir il baza qiymətlərini tapırsan ki, gələn il də eyni proseduru təkrar edib inflyasiyanı hesablayasan".
Milli Məclis noyabrın 17-də yaşayış minimumunun və ehtiyac meyarının 314 manat olması ilə bağlı qanun layihələrini birinci oxunuşda qəbul edib. Layihələr tam qəbul olunacağı halda, gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bu, 2026-cı ildəki 300 manatlıq yaşayış minimumu ilə müqayisədə 14 manat və ya təxminən 4.7 faiz artım deməkdir.