Reportyorlar saxlanıb, buraxıldıqlarını deyirlər

Aytac Məmmədli və Şəhla Kərim

Dekabrın 4-də reportyorlar Şəhla Kərim və Aytac Məmmədlinin çəkiliş edərkən saxlandığı bildirilir.

Bu barədə əvvəlcə onların yaxınları məlumat verib.

Jurnalistlərin Azərbaycanın cənub rayonlarından biri olan Lənkəranda saxlandığı deyilir: "Onlar çəkiliş edərkən polis tərəfindən saxlanıblar. Onlardan çəkdikləri materialları silmələri tələb edilir".

Bir qədər sonra isə Şəhla Kərim AzadlıqRadiosuna deyib ki, onları Lənkəranda vətəndaşlar arasında sorğu keçirərkən saxlayıblar: "Polislər və icra nümayəndəsi bizi Mənzil-Kommunal İstismar İdarəsinə apardılar. Bizə dedilər ki, qanunsuz fəaliyyətlə məşğulsunuz... Bildirdilər ki, vətəndaşları narahat edirsiniz, sizdən 11 şikayət daxil olub".

O qeyd edib ki, bir müddət sonra onlar sərbəst buraxılıblar, hazırda sərbəstdirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Lənkəran rayon rəsmiləri ilə danışmaq mümkün olmayıb.