Referendumun legitimliyi şübhəlidir - STP

Sizin brauzer HTML5-i dəstəkləmir

Referendum günü - 100 saniyədə

«Sentyabrın 26-da Konstitusiya onun özünün yol vermədiyi müdaxilələrə məruz qalıb. Referendum bütünlüklə ciddi hüquqi pozuntularla keçib. Həmin pozuntular referendumun legitimliyini çox ciddi şübhələr altına qoyub».

QHT fəalları, jurnalistlər, iqtisadçılar, hüquqçulardan formalaşan Sivil Toplum Platformasının referendum ilə bağlı oktyabrın 10-da yaydığı sənəddə belə deyilir.

STP hökumətin referendum marafonu boyunca pozuntulara yol verdiyini bəyan edir.

«Konstitusiyaya hər hansı dəyişiklik, əlavə ehtiyacı yaranarsa, bu, ancaq toplumun sifarişi kimi ortaya çıxmalı, toplumda siyasi plüralizm mühitində ciddi müzakirə edilməli idi. Ancaq dəyişiklik paketi heç bir ön müzakirələr aparılmadan təqdim edildi. Referendum Aktında nəzərdə tutulan 29 maddənin 14-ü birbaşa əsas insan hüquq və azadlıqlarının təsbit olunduğu 3-cü fəslə aid idi. Bu fəslin ən təməl özəlliyi, onu kənar müdaxilələrdən qoruyan immunitetin elə Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsinə görə, 3-cü fəsildə nəzərdə tutulmuş hüquq və azadlıqlar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan, onun məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz».

STP Konstitusiyanın bu tələbinə əməl edilmədiyini vurğulayır.

Birlik hesab edir ki, Referendum Aktının bir çox aspektləri Konstitusiyanın özünə, eləcə də Azərbaycanın qoşulduğu Konvensiyalarla ziddiyyət təşkil edib. Mülkiyyət, vətəndaşlıq, birləşmək, müraciət etmək, informasiya, iqtisadi fəaliyyət kimi təməl hüquq və azadlıqlar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulsa da, artıq məhdudlaşdırılıb.

«Təəssüflər olsun ki, Konstitusiya Məhkəməsi bütün bunları diqqətə almadı, təkliflər paketinə toplumu qane edən hüquqi araşdırma və analiz təqdim etmədən müsbət rəy verdi», - sənəddə deyilir.

STP təəssüflə qeyd edir ki, referendum öncəsində siyasi qüvvələrə plüralist təşviqat mühiti yaradılmayıb. Təşviqat mərhələsi də tamamilə pozuntularla keçib. Azərbaycan Xalq Cəbhəsi Partiyasına, REAL Hərəkatına, Müsavat Partiyasına referendum öncəsi basqılar, həbslər baş verib.

Sənəddə həmçinin, referendum günü ciddi qanun pozuntularının baş verdiyini vurğulanır. «Karusel» ( təşkil edilən seçicilərin bir neçə məntəqədə səs verməsi-Red) üsulundan istifadə edildiyi, müstəqil yerli və beynəlxalq müşahidəçilərin səsverməni izləmədiyi bildirilir.

Sivil Toplum Platforması bütün qeyd olunanlara söykənərək, referendumun legitimliyinin şübhə altına düşdüyünü, bundan təəssüfləndiyini bəyan edir.

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, seçicilərin təqribən 70 faizi referendumda iştirak edib. Onlar təklif edilən əlavə və dəyişiklikləri böyük çoxluqla müdafiə ediblər.

Referendumla Konstitusiyaya bir sıra, hələ də, müzakirə olunan dəyişikliklər edilib. Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.