Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Razi Alışovun səhhətində ciddi problemlər yarandığı bildirilir.
Partiyadan ailəsinə istinadən yayılan məlumata görə, o, bir müddətdir hərəkət etməkdə çətinlik çəkir, son günlər isə ayaqları tamamilə tutulub: "O bildirib ki, yaxın vaxtlarda həkim müayinəsindən keçib və həkim onun belində yırtıq (qrija) olduğu qənaətinə gəlib. Amma diaqnozun təsdiqlənməsi üçün aparat müayinəsi və müalicə aparılmayıb, ona görə də durumu xeyli ağırlaşıb".
Hazırda onun hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlandığı bildirilir.
Bu açıqlamaya müəssisənin rəhbərliyindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Son vaxtlar həbsdə olan bir çox ictimai fəal və müxalifətçi tez-tez səhhətlərinin pisləşməsi, amma lazımı müayinə və müalicədən kənarda qalmaları ilə bağlı şikayətlər yayırlar. Penitensiar Xidmətdən isə, bir qayda olaraq, məhbuslara qanunvericiliyə uyğun şəkildə bütün, o cümlədən tibbi xidmətlərin göstərildiyi bildirilir.
Xatırlatma
AXCP üzvü R.Alışov 2022-ci ildə həbs olunub. Məhkəmə ona 5 il 6 ay həbs cəzası kəsib. R.Alışov satış məqsədilə narkotik əldə etməkdə günahlandırılır. O, ittihamını qəbul etmir.
Hazırda müxalifətdə olan AXCP-nin sədri də daxil olmaqla, hazırda 20-yə yaxın üzvü müxtəlif ittihamlarla həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu bəyan edib.
Bəzi hüquq müdafiəçilərinin hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri konkret cinayətə görə mühakimə ediliblər.