Ukraynanın Rusiya işğalı altında olan ərazisində məhkəmə dörd rusiyalı əsgərə cəza kəsib. Onlar ötən il Donbasda "Donbas kovboyu" kimi tanınan, Rusiyanın dəstəklədiyi qüvvələrə qoşulmuş ABŞ vətəndaşı Rassel Bentlinin ölümündə təqsirli biliniblər.
Donetsk məhkəməsi mayor Vitali Vansyatski və leytenant Andrey İordanova 12 il, çavuş Vladislav Aqaltsevə isə 11 il həbs cəzası kəsib. Əsgər Vladimir Bajin Bentlinin ölümünün ört-basdır edilməsinə yardım göstərdiyinə görə 1,5 il həbsə məhkum edilib.
Onlar Bentlini ABŞ sabotajçısı ilə səhv salaraq öldürməkdə təqsirli biliniblər. İstintaq öldürülməzdən öncə ona işgəncə verildiyini üzə çıxardığını bildirib. Onu oğurlayanlar meyitinin olduğu avtomobili partladaraq ölümünü gizlətməyə çalışıblar.
64 yaşlı Bentli 2014-cü ildən Rusiyanın Ukraynaya tədricən müdaxilələrində iştirak edib. Texasdan gələn, özünü “Donbas kovboyu” adlandıran Bentli Rusiya dövlətinin dəstəklədiyi şəbəkələrdə ABŞ hökumətini tənqid edərək Rusiyada populyarlaşmışdı.
“Raket zərbəsinin nəticələrini çəkməyə hazırlaşarkən” tutulub
İstintaqa görə, Vansyatski və İordanov Bentlini 2024-cü il aprelin 8-də "raket zərbəsinin nəticələrini çəkməyə hazırlaşarkən" tutublar.
Onlar Bentlidən sənədlərini, orada olmasının səbəbini izah etməsini istəyiblər. O, özünü müxbir kimi təqdim edib, Rusiyanın dövlət nəzarətində olan Sputnik agentliyində işlədiyini bildirib. Vansyatski isə "hərbi hissəyə sabotajçını aşkar etməsi haqda raport verib".
O, Bentlini komanda postuna təhvil vermək üçün əmrlər alıb, İordanova amerikalını saxlamasını tapşırıb. Bentli bir avtomobilə qoyulub, döyülüb və işgəncə verilib, nəticədə ölüb.
Vansyatski və Aqaltsev onun cəsədini avtomobilin baqajına qoyaraq partladıblar. İstintaqa görə, ertəsi gün Bajin və İordanov avtomobilin partladığı yerə gedib və qurbanın qalıqlarını yandırıblar.
Ləqəbi “Texas” olan Bentli 2024-cü ilin aprelində Donetskdə itkin düşüb.
O 2014-2017-ci illərdə Vostok batalyonunda savaşıb, 2021-ci ildə Rusiya vətəndaşlığı alıb. Bentli vaxtilə ABŞ Ordusunda üç il xidmət edib. O, Minnesotada yaşayanda ABŞ Senatına namizəd olub.
Rusiyanın tanınmış dövlət propaqandaçısı, RT kanalının baş redaktoru Marqarita Simonyan X sosial şəbəkəsində yazmışdı ki, Bentli Donetskdə "xalqımız üçün" həlak olub.