Jurnalistin ölümü ilə bağlı məhkəmədə dava düşüb

Rasim Əliyevin döyülmə anı.

-

Fevralın 29-da jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesdə zərərçəkmişin nümayəndəsi Fariz Namazlı həkimlərin məsuliyyətə cəlb olunmamasına etiraz etdi: «Onun 6-7 saat ölümə səbəb olan ciddi ağrıları olmayıb. Müsahibəsindən də görünür».

Rasim Əliyevin anası Teyfurə Əliyeva təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istədi. O, həmçinin bu işdə müttəhimlər kürsüsündə Cavid Hüseynovun əyləşməli olduğunu bildirib.

Daha sonra vəkillər müdafiə çıxışı etdi.

Məhkəmədə fasilə zamanı isə dava düşüb. Rasim Əliyevin anası təqsirləndirilənlərin üstünə hücum çəkib, onları söyüb, qarğış edib. Sevgilisi Gülərlə təqsirləndirilən Kənan Mədətovun anası əlbəyaxa olub.

Təqsirləndirilən Elşən İsmayılov bu zaman deyib: «Nə eləmişəm, əcəb eləmişəm. Pulqabı oğurluğunu da yüklədilər mənə. Söyməzdi, bütün bunlar da baş verməzdi».

Fevralın 23-də iş üzrə məhkəmə istintaqı bitib və prokuror təqsirləndirilən 5 nəfərə ümumilikdə 63 il həbs cəzası istəyib.

Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.