Cəbhəçiyə 25 sutka…

Polis

Noyabrın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ramiz Cəfərovun inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, bu gün, noyabrın 3-də Sabunçu rayonunun 15-ci polis bölməsinə çağırılıb: "Səhər saatlarında ora gedib, sonra bir neçə saat barəsində xəbər ala bilmədik. Elə indi məlum olub ki, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 25 sutka müddətinə inzibati qaydada həbs olunub".

AXCP-dən qeyd ediblər ki, R.Cəfərovun həbs səbəbi onun siyasi fəaliyyətidir və sosial şəbəkələrdə aktivliyidir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Sabunçu Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmi qurumlar, bir qayda olaraq, ölkədə dinc siyasi fəaliyyətə görə insanların həbs və təqib edilmədiyini vurğulayırlar.