Bu gün, martın 23-də Azərbaycanda Ramazan (hicri təqvimi) ayının başladığı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
Təqvimə əsasən, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.
Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.
Xatırlatma
İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan həmin ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah sayılır.