2017-ci ilin fevralına qədər nəqliyyat nazirinin müavini, ondan öncə uzun illər (2004-2015) «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun oğlu Elnar Əsgərov son bir neçə ayda ikinci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, xalası oğlu Rahib Hüseynovun məhkəməsində şahid qismində dindirilib. Dindirmə zamanı E.Əsgərovla xalası oğlu bir-birini ittiham ediblər.
A.Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə R.Hüseynov orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan birgə biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə «Azərbaycan Dəmir Yolları» QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib.
***Buna da bax-Sabiq nazir müavininin qohumu məhkəmə zalında həbs olundu
R.Hüseynov zərərçəkmişlərdən alınan pulların bir hissəsini xalası oğlu Elnara verdiyini deyib.
«Məni və atamı şərləyir»
Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilən E.Əsgərov isə Rahibin yalan danışdığını söyləyib. Xalası oğlunu onun və atasının adından sui-istifadə etməkdə günahlandırıb: «Rahiblə münasibətimiz əvvəl yaxşı olub. Bu iş açılandan sonra bilmişəm ki, belə əməllər törədib. Məni və atamı şərləyir, adımızdan sui-istifadə edir ki, başqalarından alıb mənimsədiyi pulları biz qaytaraq. Qoşqara deyib ki, ondan aldığı pulu mənə verib, amma mənə heç nə verməyib. Atama güvənirdi ki, sabah nəsə olsa, atam onu xilas eləsin».
***Buna da bax-Zərərçəkmiş: 'Nazir müavininin oğlu 20 qəpiklik malı dövlətə...'
E.Əsgərov deyir ki, xalası oğlu adamları onun adıyla, özünün Türkiyədə bahalı mülkləri haqda yalanlarla aldadıb: «Mən Rahibin belə hiyləgər olmasını bilməmişəm».
Təqsirləndirilən R.Hüseynov da xalası oğlunun yalan danışdığını bildirib. Bildirib ki, onu xaricdən Bakıya aldadıb gətirən də elə Elnar olub: «Aldatdı ki, gətirib «bandotdel»ə təhvil versin...».
Sabiq nazir müavininin oğlunun ifadəsində bəhs etdiyi Qoşqar Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğludur. O, həm də Baş Dövlət Yol Polisi İdarəsinin zabitidir. O, ifadəsində bildirib ki, R.Hüseynova ümumilikdə təxminən 7 milyon pul verib. Onun bir hissəsi qaytarılsa da, 3 milyon 925 min manatı qalıb.
Təqsirləndirilən R.Hüseynov isə deyir ki, gəlirdən Qoşqara 3 milyon 200 min manat pul verib.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov bir həftə öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O da biznes qurmaq adıyla adamları aldadıb, pullarını ələ keçirməkdə günahlandırılır. O işdə də E.Əsgərovun adı hallanırdı və həmin məhkəmədə də dindirilmişdi. Amma o işdə təqsirləndirilən xalası oğlu ilə yanaşı, zərərçəkmişlərin də bəziləri sabiq nazir müavininin oğlunu günahlandırır, pulu ona verdiklərini bildirirdilər.