Son günlər Azərbaycanda fəaliyyət göstərən banklar xarici saytlardakı mərc oyunları ilə bağlı əməliyyatların dayandırıldığına dair öz müştərilərinə bildirişlər göndərir. Bu qərar İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərlə əsaslandırılır. Dorğudan da ötən ilin sonlarında sözgedən məcəlləyə dəyişikliklər təsdiqlənib və yanvarın 1-dən bu əməliyyatlarda bank kartlarından istifadə yasaqlanıb:
- Ölkəxarici mərc oyunları saytlarında qeydiyyat üçün ödənişlərin aparılması;
- Uduşların ödənilməsi;
- Pul vəsaiti qəbulu;
- Uduş, mükafat və digər gəlirlərin verilməsi.
Dəyişikliklərdən sonra qumar, eləcə də mərc oyunlarının təşkili, keçirilməsi, qatılmaq üçün bilet satışı qadağan edilib.
Qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarını və ya bank hesabı üzrə digər əməliyyatları icra edən fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslərsə 50 min manat cərimə olunacaq.
Dəyişikliklərdə istisnalar da var. Sözügedən qadağalar “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada keçirilən lotereya və idman mərc oyunlarına şamil edilmir. Başqa deyimlə, hökumət ölkə daxilində mərc oyunlarının keçirilməsində problem görməsə də, Azərbaycan vətəndaşlarının xarici saytlarda mərc oyunlarına qatılmasını istəmir.
Xarici əməliyyatlar bloklanır və bazara yeni oyunçu daxil olur
Mərc oyunları ilə bağlı daha bir məqam diqqət çəkir. İnzibati Xətalar Məcəlləsi dəyişdirilən günlərdə Azərbaycan bazarına xarici mərc oyunları operatoru girib.
Buna da bax: Deputatın narahatlığı: 'Belə çıxır ki, ...uduzacaq və pulları Azərbaycandan gedəcək'Bazara Türkiyə gəlir?
Dekabrın 17-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA-nın) icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında bildirib ki, 2022-ci ildə AFFA ilə Türkiyənin “Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
“Misli.com” mərc operatoru haqqında daha bir maraqlı məqam onun 2019-cu ildən bəri Demirören Holdinqin tərkibinə daxil olmasıdır.
2021-ci ilin yanvarında ölkədə lotereya bazarının inhisarçısı “Azərlotereya” da Türkiyənin Demirören Holdinqinin idarəetməsinə verilmişdi.
Ötən il yanvarın 16-da prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalamışdı.
Sərəncama görə, “Azərlotereya” ASC müqavilə əsasında Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilmişdi.
Yeni xəbər deyil
Bu baxımdan, Demirören Holdinqin Azərbaycanda mərc oyunları bazarına girəcəyi yeni xəbər deyil. Hələ ötən ilin martında "Azərlotereya" ASC İdarə Heyətinin sədri Maqsud Tağıyev mətbuata açıqlamasında şirkətin mərc oyunları bazarına girəcəyini təsdiqləmişdi.
Onun sözlərinə görə, yeni şirkətin ölkə bazarına daxil olması TOPAZ-ın fəaliyyətinə mənfi təsir etməyəcək, "sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik. Hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək".
Ancaq təbii ki, yeni şirkətin bazara girməyə hazırlaşdığı bir vaxtda hökumətin xarici şirkətlərdə mərc oyunları oynanılmasını dayandırması haqlı suallar doğurur. Axı qazanc əmsalları yerli mərc oyunları operatoruna görə daha yüksək olan xarici saytlarlarda oyunların dayandırılması həmin dövriyyənin inzibati resurslar hesabına daxili bazara yönəldilməsi deməkdir.
Azərbaycanda mərc oyunlarına maraq artır
Yerli mərc oyunları bazarında tək oyunçu olan “Topaz”ın noyabrda açıqladığı rəqəmlərdən aydın olur ki, ölkədə daxili mərc oyunlarına maraq artır.
Ötən ilin oktyabrında “Topaz” 10 illik fəaliyyəti ərzində rekord göstəricilər əldə edib və mərc bağlayanlara 29 milyon 478 min manat uduş paylayıb.
Bu, şirkətin fəaliyyət göstərdiyi dövr ərzində bir ayda qeydə alınan ən yüksək göstəricidir. Yenə həmin ayda şirkət dövlət büdcəsinə 4 milyon 54 min manat vergi ödəyib.
Həmin zamanda “Topaz” məntəqə sahiblərinə də 3 milyon 78 min manat ödənib. Bunlar da yüksək göstəricilər sayılır.