Azərbaycana quberniyalar və qubernatorlar lazımdırmı?

Son vaxtlar Azərbaycanda ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsinə dair elm dairələrindən təkliflər səslənir.

Azərbaycanın siyasi mühitindən çıxış edən təhlilçilər deyirlər ki, belə təkliflər adətən “yuxarılarla” razılaşdırılmadan edilmir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA-ya verdiyi müsahibədə deyib ki, Azərbaycan kimi kiçik ölkə üçün 66 inzibati rayon çoxdur.

“Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur” – deyib Ramiz Məmmədov.

Ekspert Məhərrəm Zülfüqarlı düşünür ki, bu kimi təkliflər büdcə xərclərinin azaldılmasına hesablansa da, bunu birdən-birə etmək olmaz. Onun sözlərinə görə bu təklif tədricən həyata keçirilsə daha yaxşı olardı.

Ekspert deyir ki, dəyişiklik nəticəsində yerli icra orqanlarında çalışan adamların işdən çıxarılması sosial böhrana səbəb ola bilər.

Ekspertin fikrincə, işsizlik minimuma endirilərsə bunu həyata keçirmək olar. Məhərrəm Zülfüqarlının sözlərinə görə, quberniyaların yaranması vətəndaş şikayətlərinin həllində də müəyyən problemlər yaradacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Məhərrəm Zülfüqarlı: Bu məsələdə tələsmək olmaz...

Ekspert Abil Bayramov deyir ki, regional idarəetməyə keçid olacaqsa, mütləq yerli idarəetmə sistemində islahatlar aparılmalıdır. Çünki insanların təması daha çox yerli özünüidarə orqanları ilədir. Onun sözlərinə görə əvvəlcə ictimai xidmətlər özünüidarəetmə qurumlarına həvalə olunmalıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Abil Bayramov: İslahatsız yerli idarəetmə ola bilməz

REAL hərəkatı İdarə heyətinin üzvü Azər Qasımlı deyir ki, bu dəyişiklikləri ilk dəfə cəmiyyətə təqdim edən siyasi təşkilat REAL olub.

Azər Qasımlının sözlərinə görə, onalrın təklif etdiyi proqramda icra hakimiyyətlərinin ləğvi və onların yerində El məclislərinin qurulması və böyük şəhər bələdiyyələri olmasi nəzərdə tutulub və bu təkliflərdə məclislərin seçki yolu ilə seçilməsi tövsiyə edilib.

Azər Qasımlının sözlərinə görə, indiki təkliflərdə isə nəticə etibarı ilə dövlət xərcləri azalsa da, mahiyyət dəyişməyəcək və “əyalət monstrları” yaranacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azər Qasımlı: Yeni əyalət monstrları yaranacaq...

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyir ki, belə qərarlar verilməmişdən əvvəl ölçülüb biçilməlidir, ciddi analiz edildikdən sonra addım atılmalıdır.

Deputat məsələ ilə bağlı keçmişə ekskurs da edir. Fəzail İbrahimli deyir ki, sovetlər dönəmində, 1962-ci ildə birdən-birə regional idarəetmə üsulunün dəyişdirilməsi aclıqla nəticələnib.

Deputatın fikrincə, bu, vətəndaşlar üçün də problem yaradacaq. Fəzail İbrahimli deyir ki, bu təklifdə ümumiyyətlə uğur görmür.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fəzail İbrahimli: Ərazi-inzibati bölgünün dəyişdirilməsində məna görmürəm