Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun səhhətində yaxşılaşma olmadığı bildirilir.
Vəkil Fəxrəddin Mehdiyev avqustun 9-da Qubad İbadoğluyla görüşüb.
Onun sözlərinə görə, İbadoğlunun qan təzyiqi əvvəlkitək sabit deyil və qanda şəkəri yüksəkdir:
"Ancaq istintaq təcridxanasında iqtisadçıya qan təzyiqini ölçməsi üçün cihaz verilib".
Bununla belə vəkilin sözlərinə görə, iqtisadçı deyib ki, kamerada havalandırmanın olmaması səhhətinə mənfi təsir göstərir.
Vəkil həmçinin qeyd edib ki, ona hələ də ailə üzvlərilə görüş verilmir və bu məhdudiyyəti istintaq tətbiq edilib.
O, bu qərardan şikayət ediləcəyini bildirib.
Fəxrəddin Mehdiyevin sözlərinə görə, Qubad İbadoğlu ailəsilə telefonla əlaqə yaratmaq imkanı olsa da, xaricdə təhsil alan uşaqları ilə danışmasına şərait yaradılmadığını vurğulayıb.
"Ombudsman Aparatının iki əməkdaşı İbadoğluya baş çəkib" - deyə Mehdiyev söyləyib.
Vəkilin dediklərinə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyatı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Qubad İbadoğlunun yaxınları son günlər onun səhhətində ciddi geriləmə olması və bundan narahat qalmaları ilə bağlı bir neçə dəfə açıqlama yayıblar.
Xatırlatma
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu bu il iyulun 23-də saxlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.
ADR dövlət qeydiyyatına alınmayıb.