Qubad İbadoğlu Almaniyaya gedib

Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu bu gün, sentyabrın 29-u səhər Azərbaycanı tərk edərək Almaniyaya gedib.

"Azadlıq" qəzetinə açıqlamasında o, səhhəti ilə əlaqədar olaraq xaricə çıxış qadağasının ləğv edildiyini bildirib. "Müayinə, müalicə və zərurət yaranarsa, ürəyimdən açıq tibbi əməliyyat olunmaq üçün Almaniyaya gəldim", –İbadoğlu bildirib.

Hazırda onun barəsində iltizam qətimkan tədbiri qüvvədədir.

Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Q.İbadoğlu 2023-cü il iyulun 23-də Azərbaycanda həbs edilmişdi. O, əvvəlcə mütəşəkkil qrup halında saxta pul və ya qiymətli kağızlar hazırlamaq və yaymaqda, sonradan isə dini ekstremist materiallar saxlamaq və yaymaqda təqsirləndirilib.

Səhhətindəki problemlərə görə 2024-cü ilin aprelində ev dustaqlığına buraxılan iqtisadçının qətimkan tədbiri sonradan polis nəzarəti ilə əvəzlənib. Həmin ilin avqustunda isə onunla bağlı cinayət işi ümumi icraatdan ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətinə xitam verilməsini qurumun rəsmi qeydiyyata alınmaması ilə əsaslandırıb.