Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Bu barədə fevralın 19-da SOCAR məlumat yayıb.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." (Kanada) 65 faiz iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Sazişi Milli Məclis ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.
Xatırlatma
SOCAR tək ölkə daxilində yox, xaricidə də fəaliyyət göstərir. Şirkət ötən ay Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalamışdı.
Azərbaycanın neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
Azərbaycanın neft-qaz gəlirlərində azalma var. Ölkənin neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin yanvarında 2025-ci ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsi ilə 825 milyon 222 min dollar və ya 29.5 faiz azalaraq 1 milyard 967 milyon 456 min dollara düşüb. Bu azalma, əsasən, neftlə bağlıdır. Həm ölkədə neft hasilatı azalır, həm də "qara qızıl"ın qiymətində son bir ildə ucuzlaşma var. Ölkənin ixracının 85 faizi neft və qazın payına düşür.
Son 10-12 ildə hökumət qarşısına qeyri-neft sektorunu inkişaf etdirməyi məqsəd qoyduğunu bildirsə də, açıqlanan rəqəmlərə görə, bu sahədə böyük irəliləyişlər əldə edilməyib.