Rusiyanın Krasnodar diyarında Ukraynanın zərbəsindən Temryuk dəniz limanının infrastrukturu zədələnib. Regionun operativ qərargahı yanğın baş verdiyini, hadisə yerində təcili xidmətlərin işlədiyini, amma xəsarət alan olmadığını bildirib. İşçilər evakuasiya olunub.
Rusiya Müdafiə Nazirliyi bölgə üzərində bir dronun vurulduğunu açıqlayıb.
ASTRA Telegram kanalı şahidlərin görüntüləri əsasında limanda qaz terminalının yandığını bildirib.
Çeçenistanda isə region paytaxtında yerləşən "Grozny-City" çoxmərtəbəli kompleksinin dronla vurulduğu güman edilir. Bina Çeçenistan rəhbəri Ramzan Kadırovun iqamətgahının 800 metrliyində, FSB idarəsi yaxınlığında yerləşir.
NYISO müxalifyönlü kanalı binaya dron çırpıldığını iddia edir. Ukraynanın "Supernova+" monitorinq kanalı da binaya zərbə endirildiyini bildirib. "Exilenova+" Ukrayna kanalı isə Qroznıda radioelektron mübarizə vasitələrinin işə düşməsi ehtimalını qeyd edib.
Rəsmi qurumlar göydələnə zərbə endirildiyini təsdiqləməyiblər. Amma səhər saatlarında "Rosaviasiya" Qroznı hava limanının işini məhdudlaşdırıb.
ASTRA yerli sakinlərə istinadla Samara vilayətinin Sızran şəhərində dronlar neft emalı zavoduna hücum etdiyini yazıb. Sızran meri Sergey Voloçenkov şəhərə dron hücumunu təsdiqləyib, amma zərbələrin nəticələri haqda məlumat verməyib. Rusiya Müdafiə Nazirliyi isə Samara vilayəti üzərində 9 dron vurulduğunu bildirib.