Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il yanvarın 1-nə ölkədə xırdabuynuzlu mal-qaranın sayı 8 milyon 37.1 min baş təşkil edib. Bu da ötən illə müqayisədə 52.6 min baş və ya 0.7 faiz azdır.
Ailə və heyvandarlıq təsərrüfatlarında qoyunların, keçilərin sayında azalma tendensiyası 2015-ci ildən müşahidə edilir. O zaman onların sayı 8 milyon 677 min baş idi. Həmin dövrdə ölkədə fəaliyyət göstərən bir çox qoyunçuluq təsərrüfatlarının icra müqavilələri ilə götürmüş olduqları qışlaq sahələri (sonrakı illərdə də yaylaqları) əllərindən alındı. Nəticədə bəzi fermerlər qoyun sürülərini dəyər-dəyməzinə satmaları ilə bağlı şikayətlər dilə gətirdilər. Həmin sahələrdə taxıl, yonca, sonra isə, əsasən, pambıq əkilməyə başlandı.
Beləliklə son 7 ildə xırdabuynuzlu heyvanların sayı 7.4 faiz azalıb.
DSK-nın məlumatına görə, xırdabuynuzlu heyvanların sayını 2008-ci ilin göstəricisi ilə müqayisə etmək olar. 14 il əvvəl sürülərdə 8 milyon 32.5 min baş qoyun və keçi var idi.
Heyvanların sayının azalması qiymətlərdə də özünü göstərir. Yanvarda 2021-ci ilin dekabrı ilə müqayisədə qoyun ətinin qiyməti 10 faiz artıb.
Ölkədə son onilliklərdə ən çox xırda buynuzlu mal-qara 2014-cü ildə qeydə alınıb. Həmin il 8 milyon 852.8 min baş qoyun, keçi olub.