Qiymət artımının səbəbi bilindi - Şərhlər

Baku agricultural market 25 October

►Qiymət artımının 2 səbəbi

“Bahalaşma son günlər dolların manata nisbətən yenidən artması və gömrükdəki sistem dəyişikliyinə görədir”

“Ürəyimdən bir az qoz, fındıq almaq keçdi. Qiyməti gördüm, dedim, “əlim gəlməz buna pul verim”. Qozun, fındığın kilosu 18, 20 manatdır. Mən onu alıb yesəm, cibim bir tərəfə, dilim yanar...”

Piştaxtadakı qiymətlərə baxan orta yaşlı qadın yarı zarafat, yarı ciddi bu sözü təkrarlaya-təkrarlaya mağazadan uzaqlaşır.

Buna da bax: Turan Agentliyi: Çörək bahalanır

Hər şeydə 20-30 qəpiklik bahalaşma var

Azərbaycandakı ikinci devalvasiyadan sonra ərzağın qiyməti 30-50 faiz bahalaşandan sonra bir neçə ay qiymətlərdə bir elə dəyişiklik hiss olunmurdu. Ancaq təxminən son 10 gündə, az qala, bütün məhsullarda gözlə seziləsi artım hiss olunur. Bunu alıcılar da deyir:

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı sakinləri: Qiymətlər arta-arta gedir

– Mən həmişə kilosu 6 manat 20 qəpik olan konfetdən alırdım. Bir neçə gündür həmin konfet 6 manat 50 qəpik olub. Sabunun, şampunun da qiymətində 20, 30 qəpiklik bahalaşma var.

– Maaşlar heç bir faiz qalxmır, ancaq ərzağın qiyməti 5-10 faiz bahalaşır.

– Bu neçə gündür ərzaq bahalşır. Meyvə-tərəvəz də. Deyək ki, hansısa meyvənin mövsümü bitir deyə bahalaşır, bəs ərzağa nə oldu? Özü də təzə bahalaşmışdı, yenə artıb.

– Artım hiss edirəm. Ancaq bu labüddür, inkişaf gedirsə, artım da olmalıdır.

– Mən yağın, peçenyenin qiymətində artım görürəm. Düzü, adam haqq-hesabı itirib. Nə, nə vaxt bahalaşır, bilmək olmur.

– “Yıxıl, öl”, deməkdir bu, başqa adı yoxdur. Bahalaşmayan nəsə var ki?

İri market satıcıları bahalaşma haqda danışmaq istəməsələr də, məhəllə mağazalarının satıcıları bir həftə ərzində bahalaşmanın olduğunu etiraf edirlər. Sadıq Məhərrəmov adlı satıcı deyir ki, bahalaşma daha çox yağ, şəkər, un məhsullarındadır:

“İstər-istəməz, biz də qiyməti bir neçə qəpik bahalaşdırırıq. Çünki mal aldığımız topdansatış yerləri qiyməti qaldırır. Onlar da deyir ki, xaricdən baha alırıq, ona görə qiymət də belədir”.

Dollar bahalaşır, gömrükdə sistem dəyişib...

İqtisadçı Azər Mehdiyev deyir, bahalaşma son günlər dolların manata nisbətən məzənnəsinin yenidən artması və gömrükdəki sistem dəyişikliyinə görədir:

Sizin brauzer HTML5-i dəstəkləmir

Azər Mehdiyev qiymətlərin qalxmasının səbəbləri haqda

“Azərbaycanda satılan ərzaq məhsullarının əksər hissəsi xaricdən gətirilir. Ya da ölkədə istehsal olunan ərzaq məhsullarının əsas komponentləri xaricdən gəlir. Son vaxtlar həm dolların məzənnəsinin qalxması, həm də gömrükdə baş verən proseslər, gətirilən malların qiymətinin qalxmasına səbəb olub. Əvvəllər Azərbaycanda gömrük sistemi elə qurulmuşdu ki, ölkəyə gətirilən mallar heç də tamamilə uçota alınmırdı. Onların bir hissəsi uçotdan gizlədilirdi. Bu da məhsulların qiymətinin salınmasına təsir göstərirdi. İndi uçota alınma sistemi dəyişir, məhsulların hamısı uçota alınır. Rüsumlar qoyulur, bu da qiymətin bahalaşmasına gətirib çıxarır. Həm də hökumət ölkədəki devalvasiyadan dərhal sonra inzibati yollarla qiymətin bahalaşmasının qarşısını almağa çalışırdı. Son zamanlar bu inzibatçılığın azalması da özünü göstərir. Bu da tədricən ərzaq məhsullarının qiymətinin qalxmasına təsir edir”.

Buna da bax: Ekspertlər qiymətlərin 10 faiz bahalaşacağını deyir

İqtisadiyyat Nazirliyi: “Qiymətlər sabitdir”

İqtisadiyyat Nazirliyi yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni bahalaşmanın qarşısını almaqdan ötrü monitorinqləri davam etdirir. Bunu İqtisadiyyat Nazirliyinin mətbuat xidməinin rəhbəri Abbas Əliyev bildirir. O əlavə edir ki, son günlər bahalaşma qeydə alınmayıb:

Sizin brauzer HTML5-i dəstəkləmir

Satıcı: Qiymətlər qalxır, çünki malların gəldiyi Rusiyada bahalaşma gedir

“Hazırda istehlak bazarında qiymət sabitliyi hökm sürür”.

Ötən il dekabrın 21-də Azərbaycan manatı ikinci devalvasiyaya uğrayıb. Ötən ilki fevral devalvasiyası ilə birlikdə manat dollara nisbətən 98 faizdən çox dəyərini itirib. Son günlər cüzi də olsa, manat dollara nisbətən ucuzlaşır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10.5 faiz bahalaşıb.

Ərzaq məhsulları 11.9 faiz, qeyri-ərzaq məhsulları 15.4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 4.5 faiz bahalaşıb. Ən çox düyü, qarabaşaq yarması, yulaf və arpa yarması, toyuq əti, kərə və zeytun yağları, limon, naringi və çiyələyin qiyməti artıb.