Qırğızıstanda keçmiş prezidentin oğlu və tərəfdarları saxlanılıb

2026-cı il yanvarın 17-dək istintaq təcridxanasında qalacaqlar.

Qırğızıstanda kütləvi iğtişaş təşkilinə hazırlıq ittihamı ilə 10 nəfər saxlanılıb. Məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Rəsmi açıqlamada saxlanılanların yalnız baş hərfləri göstərilib. AzadlıqRadiosunun qırğız xidməti və kaktus.media yazır ki, saxlanılanlar arasında siyasətçi Temirlan Sultanbekov, keçmiş deputatlar Şayloobek Atazov Kubanıçbek Kadırov, keçmiş prezident Almazbek Atambayevin keçmiş mühafizəçisi Damir Musakeyev, Sosial Demokratlar Partiyasının lideri Ermеk Ermatov və Atambayevin oğlu Kadırbek, eləcə də biznesmen Urmat Barıktabasov var.

Saxlanılanlar kütləvi iğtişaşların təşkilinə hazırlıqda ittiham olunurlar. İstintaqın versiyasına görə, "saxlanılanlar seçkilərin nəticələri elan edildikdən sonra ölkənin cənubundan başlayaraq Bişkek və digər bölgələrdə ardıcıl mitinqlər keçirməyi planlaşdırıb, geniş narazılıq görüntüsü yaratmaq istəyiblər. Onlar antikonstitusion çağırışlar, həmçinin inzibati binaları, telekanalları, güc strukturlarının obyektlərini, silahları və penitensiar müəssisələri ələ keçirməyi də planlaşdırıblar".

Axtarışlar zamanı silah-sursat, qumbaralar, rabitə vasitələri, maliyyələşmə sənədləri, fəaliyyət planları, narkotik vasitələr və 150 min dollar məbləğində pul müsadirə edildiyi bildirilir.

Sultanbekovun anası, deputatlığa namizəd Kıyal Toktorbayeva AzadlıqRadiosunun qırğız xidmətinə deyib ki, DİN-in yayımladığı fotolarda göstərilən əşyaların heç biri onların evində aşkarlanmayıb.

Sultanbekov, Atambayev, Atazov, Ermatov və Barıktabasov 2026-cı il yanvarın 17-dək istintaq təcridxanasında qalacaqlar. Digərlərinin həbs edilib-edilmədiyi hələlik bəlli deyil.

Hüquq-mühafizə orqanları noyabrın 22-də kütləvi iğtişaş işi çərçivəsində axtarışlar aparıb.

Noyabrın 30-da Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, iki seçki kampaniyasının üst-üstə düşməsi ilə izah edilir: növbəti parlament seçkiləri 2026-cı ilin noyabrında, prezident seçkiləri isə 2027-ci ilin yanvarında keçirilməli idi. Rəsmilərin fikrincə, iki seçkinin eyni vaxtda keçirilməsi hakimiyyətin bütün qollarının fəaliyyətinə mənfi təsir göstərə, böyük maddi, texniki və insan resursları tələb edə bilər.