Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) əvvəllər Bişkekdə saxlanan və kəşfiyyat xidmətinin transmilli mütəşəkkil cinayətkar qrupun (MQ) üzvləri adlandırdığı şəxsləri Azərbaycan hakimiyyətinə təhvil verib. Bu barədə MTDK-nın Mətbuat xidmətindən məlumat verilib.
Həmin Azərbaycan vətəndaşları martın 22-də Bişkekin mərkəzində 261-ci (Mütəşəkkil dəstə yaratma və ya orada iştirak) maddə ilə açılmış cinayət işi çərçivəsində saxlanıblar. Ümumilikdə beş nəfərdirlər. Kəşfiyyat xidmətinin məlumatına görə, onlar martın 20-də kriminal təsirlərini gücləndirmək üçün Qırğızıstana gəliblər.
"Həmin şəxslər... Azərbaycanın hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə uyğun olaraq onların sorğusu ilə aprelin 7-də "Manas" Beynəlxalq Hava Limanında Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib", - MTDK-dan bildirilib.
Həmin şəxslərin həbsindən sonra Dövlət Komitəsi onların keçmiş gömrük məmuru Rayımbek Matraimov ilə əlaqəli olduqlarını bildirib. Bundan əlavə, MTDK mütəşəkkil cinayətkar dəstənin saxlanılan üzvlərinin Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlaması barədə məlumat yayıb.
Matraimovun özünü daha üç şəxslə birlikdə xüsusi xidmət orqanları martın 26-sı axşam saatlarında Azərbaycandan Qırğızıstana aparıb. (Onların dördü də Qırğızıstan vətəndaşı olub) Ertəsi gün məhkəmə onun aprelin 26-dək həbsdə saxlanmasına qərar verib.
Matraimov Cinayət Məcəlləsinin 169-cu (Qanunsuz olaraq azadlıqdan məhrum etmə) və 222-ci (Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)) maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.
İstər R.Matraimovun, istərsə də sui-qəsdə hazırlıqda ittiham edilən şəxslərin və yaxınlarının ittihamlara münasibətini ayrılıqda öyrənmək mümkün olmayıb.
Buna da bax: Qırğızıstanın keçmiş gömrük rəsmisi Bakıdan Bişkekə təslim edilib