Qazaxıstanda saxlanmış qırğız musiqiçi azad edilib

Vikram Ruzaxunov

Vikram Ruzaxunov Twitter-də yaydığı videoda onun azad edilməsinə kömək etdiyinə görə öz ölkəsinin hökumətinə təşəkkürünü bildirir

Qonşu Qazaxıstanda bu yaxınlarda baş vermiş iğtişaşlarda iştirak şübhəlisi kimi saxlanmış qırğızıstanlı caz musiqiçisi Vikram Ruzaxunov azad edilib və vətəni Qırğızıstana qayıdıb.

Bu barədə məlumatı AzadlıqRadiosunun Qazax xidməti verir.

Xəbərdə deyilir ki, Qazaxıstan telekanallarından birində Ruzaxunov iğtişaş törətmək üçün xaricdən gələn pullu muzdlulardan biri kimi təqdim olunmuşdu.

Ruzaxunov Twitter-də yaydığı videoda onun azad edilməsinə kömək etdiyinə görə öz ölkəsinin hökumətinə təşəkkürünü bildirir:

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Qazaxıstanda ona qarşı irəli sürülmüş ittihamlara xitam verilib-verilmədiyi bilinmir.

Tanınmış musiqiçinin saxlanması Bişkekdə etirazlara və Qırğızıstan hökumətinin kəskin reaksiyasına səbəb olmuşdu.

Qazaxıstan telekanalının yaydığı videoda iddia edilirdi ki, saxlanmış şəxs Almatıda keçirilən mitinqdə iştirak etmək üçün Qırğızıstandan gəlib və guya buna görə ona 200 dollar ödənib.

Bunun ardınca Qırğızıstanın bir neçə sakini videosüjetdəki şəxsin Ruzaxunov olduğunu görmüşdü.

Bunun ardınca Qazaxıstanın Bişkekdəki səfirliyinin qarşısında etiraz aksiyaları keçirilmişdi.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatında deyilirdi ki, Ruzaxunov Almatıya təyyarə biletini dekabrda, etirazlardan hələ xeyli əvvəl alıb.

Bu da bildirilirdi ki, o yanvarın 2-də Qazaxıstana həqiqətən də konsert vermək üçün gedib.

Qırğızıstan musiqiçinin həbsinə görə Qazaxıstana rəsmi etiraz notası vermişdi.

Buna da bax: Qazaxıstanda ölü sayının 164-ə çatdığı xəbər verilir

Hökumət ziddiyyətli bəyanatlar verir

Almatıda kütləvi etirazlar yanvarın 3-də başlanmışdı. Bunun ardınca iğtişaşlar və insan ölümləri ilə müşayiət olunan talanlar baş vermişdi.

Qazaxıstan rəsmiləri iğtişaşlarda bəzi qonşu ölkələrin vətəndaşlarının iştirak etdiyini iddia etmişdilər.

Lakin hökumət indiyədək saxlanmış 8 min nəfərin arasında nə qədər əcnəbinin olması, onların bilavasitə iğtişaş və soyğunlarda iştirak edib-etməməsi barədə açıqlama vermir.

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti sıralarında 100-dək qırğız hərbi qulluqçu var.

Qazaxıstan başçısı Kasım-Jomart Tokayev ölkədə son günlərdə baş verən hadisələri “dövlət çevrilişi cəhdi” adlandırıb.

Lakin Tokayev iddia etdiyi çevriliş cəhdinin arxasında kimlərin olduğunu da açıqlamır.