Mehriban Rəhimliyə 7 il 6 ay şərti cəza kəsildi

Mehriban Rəhimli

Uzun illər ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay şərti cəza verilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

51 yaşlı M.Rəhimli 2025-ci ilin əvvəlindən Baş Prokurorluqda yerli və beynəlxalq təşkilatlarla bağlı (QHT işi) istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunmuş 20-yə yaxın vətəndaş cəmiyyəti təmsilçisindən biridir. O, Alman Marşall Fondundan alınmış vəsaiti qrant kimi dövlət qeydiyyatından keçirməməkdə və xidmət müqaviləsi ilə rəsmiləşdirməkdə təqsirləndirilir. Buna görə ona qarşı cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham irəli sürülüb.

M.Rəhimli isə bu ittihamların tamamilə əsassız olduğunu bildirir. O, oktyabrın 7-də hökmdən qabaq son sözündə də vurğulayıb ki, Alman Marşall Fondunda işlədiyi 18 il ərzində xidmət müqaviləsi əsasında maaş alıb: "Aylıq maaş mənim bank hesabıma köçürülüb, vergisi də vaxtında ödənilib. Bunu necə qrant kimi təqdim etmək olar? 18 il ərzində hər ay qrant almaq olar?!".

Vəkil Cavad Cavadov da çıxışında bildirib ki, sözügedən vəsait qrant olsaydı belə, qrant müqaviləsinin qeydiyyatdan keçirilməməsinə görə qanunvericilikdə yalnız inzibati məsuliyyət nəzərdə tutulub. Bu əməl cinayət məsuliyyəti yaratmır.

Prokuror M.Rəhimliyə 8 il şərti cəza verilməsini təklif etmişdi.

Xatırlatma

Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılıb. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib, beynəlxalq donor təşkilatlarla əməkdaşlıq etmiş 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan beş nəfər həbs edilib, 10-a yaxın fəal barəsində alternativ qətimkan tədbiri seçilib, iki nəfər isə axtarışa verilib.

Həbs olunanlar arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) var.

Həbsdə olan QHT təmsilçilərindən bir neçəsinin məhkəməsi artıq yekunlaşıb, A.Əhmədova 8 il, Z.Zəkiyevə 7 il 6 ay həbs cəzası kəsilib.

Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Asiman Qocayev, Ülviyyə Babasoy, Qalib Bayramov, Nərgiz Muxtarova, Əhməd Məmmədzadə, Məhərrəm Göyüşoğluna şərti cəza verilib.

Digərlərinin mühakiməsi davam edir.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmir, heç bir cinayət törətmədiklərini bildirirlər.