Şotlandiyada səfərdə olan ABŞ prezidenti Donald Tramp iyulun 28-də Qəzzada çox sayda insanın aclıqdan əziyyət çəkdiyini deyib. O, İsrailin Qəzzaya humanitar yardım məsələsində daha çox iş görə biləcəyini vurğulayıb.
Qəzza səhiyyə orqanları bölgədə iki ildir davam edən müharibə nəticəsində ölü sayının 60 minə yaxınlaşdığını, aclıq və qida çatışmazlığından ölənlərin sayının sürətlə artdığını bildirir. Aclıqdan əziyyət çəkən uşaqların görüntüləri dünyanı sarsıdır və ağırlaşan humanitar vəziyyət fonunda İsrailə qarşı beynəlxalq tənqidləri daha da gücləndirir.
ABŞ prezidenti Şotlandiyada jurnalistlərə açıqlamasında İsrailin Qəzzaya beynəlxalq humanitar yardımın çatdırılmasına görə "böyük məsuliyyət daşıdığını" bildirib.
Qəzzada "real aclıq" olduğunu deyən prezident Trampın bu açıqlaması "Qəzzada aclıq yoxdur" deyən və HƏMAS-a qarşı mübarizəyə davam edəcəyinə söz verən İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı ilə ziddiyyət təşkil edib.
Buna da bax: İsrail və ABŞ Makronun Fələstin planını tənqid edir [Video]Prezident Trampdan baş nazir Netanyahunun qiymətləndirməsi (Qəzzada aclığın olmaması barədə) ilə razı olub-olmadığı soruşulduqda, Tramp belə cavab verib: "Bilmirəm. Televiziyaya baxanda deyərdim ki, o qədər də yox, çünki o uşaqlar çox ac görünür. Biz bir çox insanı, o uşaqlardan bəzilərini xilas edə bilərik. Bu, həqiqi aclıqdır; mən bunu görürəm və bunu saxtalaşdırmaq mümkün deyil".
"Orada hasar və sərhəd olmadan ərzaq mərkəzləri quracağıq ki, yardım daha asan çatdırılsın", - Tramp əlavə edib. Onun sözlərinə görə, ABŞ digər ölkələrlə birlikdə Qəzza əhalisinə daha çox humanitar yardım, o cümlədən ərzaq və sanitariya vasitələri təmin etmək üçün əməkdaşlıq edəcək.
Ağ evin sözçüsü isə qeyd edib ki, ərzaq mərkəzləri ilə bağlı əlavə detallar yaxın vaxtlarda açıqlanacaq.
İyulun 28-də Netanyahu Qəzzada vəziyyəti "çətin" adlandıraraq ölkəsinin Qəzza zolağına yardımın çatdırılmasını təmin etmək üçün çalışdığını deyib.
"İsrail Qəzza zolağına böyük həcmdə humanitar yardımın çatdırılmasını təmin etmək üçün beynəlxalq qurumlarla, eləcə də ABŞ və Avropa dövlətləri ilə işləməyə davam edəcək", - baş nazirin ofisindən verilən açıqlamada bildirilib.
İyulun 28-də Qəzzadakı Səhiyyə Nazirliyi son 24 saat ərzində azı 14 nəfərin aclıq və qida çatışmazlığından öldüyünü bildirib. Bununla da müharibə zamanı aclıqdan ölənlərin ümumi sayı 147-yə çatıb. Onlardan 88-i uşaqdır və əksəriyyəti son həftələrdə həyatını itirib.
İsrail isə həftəsonu bir sıra humanitar tədbirlər elan edib. Bunlara Qəzzanın üç bölgəsində döyüşlərə gündəlik fasilələr, yardım karvanları üçün yeni təhlükəsiz dəhlizlər və havadan humanitar yardım atışları daxildir.
Buna da bax: Trampın Qəzzanı ələ keçirmək təklifinə nədən bütün dünya güclü təpki verdi?Britaniya baş naziri Qəzza ilə bağlı fövqəladə iclas keçirir
"Guardian" qəzeti hökumət mənbələrinə istinadən yazıb ki, Britaniya baş naziri Kir Starmer iyulun 28-də Tramp ilə Qəzza mövzusunu qapalı şəkildə müzakirə edib.
Baş nazir bu gün, iyulun 29-da Qəzza üçün sülh planını və humanitar yardım səylərini müzakirə etmək məqsədilə Nazirlər Kabinetinin fövqəladə iclasını keçirəcək. Kir Starmer iyulun 28-də Şotlandiyada Trampla görüşü zamanı Qəzza üçün Avropanın hazırladığı sülh planını da təqdim edib.
Baş nazirin ofisi planın detalları barədə açıqlama verməsə də, bugünkü kabinet iclasından sonra "növbəti addımlar"ın ictimaiyyətə açıqlanacağını bildirib.
Starmerin sözçüsünün verdiyi məlumata görə, bu təkliflər qarşıdakı günlərdə ərəb dövlətləri də daxil olmaqla müttəfiq ölkələrə təqdim olunacaq.
Qəzzada döyüşlər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 250-dən çox insanı girov götürdüyü vaxtdan bəri davam edir. İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı isə on minlərlə sakinin ölümünə səbəb olub. Vaxt keçdikcə bir çox Qərb ölkələri bu əməliyyata görə İsraili daha çox tənqid etməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi hətta HƏMAS-ın bir neçə komandiri ilə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahunun həbsi barədə order verib.