İsrail qüvvələri Qəzzanın şimalını təcrid edir

Qəzzada İsrail ilə islamçı HƏMAS qruplaşması arasında qarşıdurma

Noyabrın 6-da İsrail ordusu Qəzza zolağının şimalının mühasirədə olan bu anklavın qalan hissəsi ilə əlaqəsini kəsərək oraya havadan zərbələr endirməyə başlayıb. Qəzzanın ən böyük şəhərində HƏMAS silahlıları ilə quru döyüşləri, bir aydır gedən müharibənin daha qanlı mərhələsi gözlənir.

HƏMAS-ın idarə etdiyi Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, artıq fələstinlilər arasında ölü sayı 10 mini keçib. Nazirlik onların neçəsinin silahlı, neçəsinin dinc sakin olduğunu açıqlamayıb. HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək azı 240 nəfəri girov götürüb, min 400-ə yaxın insanı öldürüb.

Bu müharibə İsrail 75 il öncə qurulandan bəri ən çox ölümlə nəticələnmiş zorakılıqdır. Müharibənin sonu görünmür, İsrail HƏMAS-ı hakimiyyətdən kənarlaşdıracağını, hərbi qabiliyyətini darmadağın edəcəyini bildirir.

Qəzzada humanitar vəziyyət necədir

AP yazır ki, müharibə artıq şəhər döyüşləri mərhələsinə keçir deyə, itki sayının kəskin artacağı gözlənilir. İsrail mediası qoşunların tezliklə Qəzza şəhərinə girəcəyini xəbər verir. İllərlə hazırlıq keçmiş fələstinli silahlıların isə küçələrdə döyüşəcəyi, nəhəng tunellər şəbəkəsindən pusqular quracağı gözlənir.

"Onları mühasirəyə salırıq, mühasirəni tamamlamışıq, HƏMAS-ın şimaldakı istehkamlarını cənubdan ayırmışıq", – İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Riçard Hext deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

İsraildə yaşayan azərbaycanlı: 'Belə şeyləri ancaq kinolarda görmüşdüm'

Son günlər hava zərbələrindən minlərlə insanın sığındığı, BMT-nin idarə etdiyi məktəb-sığınacaqlar, xəstəxanalar ziyan görüb. Xəstəxanalar yaralılarla doludur, elektrik, təchizat qıtlığı yaşayır.

Müharibə başlayandan Qəzzanın 2.3 milyonluq əhalisinin 70 faizə yaxını evlərindən çıxıb. Çox adam küçələrdə yatır.

Humanitar fasilə ilə bağlı razılıq yoxdur

ABŞ prezidenti Co Bayden (Joe Biden) noyabrın 6-da İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon söhbətində humanitar fasilənin gərəkdiyini vurğulayıb, amma razılaşma əldə olunmayıb. Məlumatı Ağ ev yayıb.

Dövlət katibi Antoni Blinken (Antony Blinken) noyabrın 6-da Yaxın Şərqə səfərini yekunlaşdırıb. Onun sözlərinə görə, döyüşlərdə fasiləyə nail olmaq, girovların buraxılması üzrə danışıqlar aparmaq və HƏMAS-dan sonrakı Qəzza üçün plan qurmaq "davamlı işdir".

ABŞ-da yaşayan yüzlərlə yəhudi fəal isə noyabrın 6-da Nyu-Yorkdakı Azadlıq heykəli qarşısında dinc aksiya keçirərək İsraildən atəşkəs, Qəzzadakı dinc əhalinin "soyqırımı" bombardmanına son qoymağı tələb ediblər. Etirazçıların köynəkləri üzərində "Yəhudilər atəşkəs tələb edir", "Bizim adımızdan deyil" şüarları yazılıb, əllərində "Bütün dünya baxır", "Fələstinlilər azad olmalıdır" yazılmış plakatlar qaldırıblar.

Nyu-York şəhərində 2 milyonadək yəhudi, yüz minlərlə müsəlman yaşayır və indiyədək münaqişə ilə bağlı zorakılıq qeydə alınmayıb. Ancaq bəzi yerlərdə, məsələn, universitet şəhərciklərində gərginliyin hiss olunduğu xəbər verilir.