ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS qruplaşması Qəzza sektorunun idarəçiliyini Fələstin komitəsinə təhvil verməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə forumda deyib. Onun sözlərinə görə, HƏMAS tərksilah olunmazdan öncə yeni administrasiya və sektorun polisi işə başlamalıdır.
Fidanın dediyinə görə, etibarlı administrasiya və təlim görmüş təhlükəsizlik qüvvələri formalaşmasa, HƏMAS-ın silahı qoyacağı ehtimalı azdır. Polisin fəaliyyətini isə beynəlxalq sabitləşdirmə qüvvələri dəstəkləyəcək. Amma Fidan hansı ölkələrin bu missiyada iştirak edəcəyini konkretləşdirməyib.
Nazir onu da qeyd edib ki, polisin tərkibində HƏMAS döyüşçüləri olmayacaq. Onun fikrincə, HƏMAS və İsrail atəşkəsin növbəti mərhələsinə keçməsələr, "bu, bütün dünyanın, xüsusilə də ABŞ-nin iflası olar".
Oktyabrda Qəzza sektorunda HƏMAS və İsrail arasında atəşkəs razılaşması imzalanıb. Razılaşmanın birinci mərhələsində 2023-cü il oktyabrın 7-də HƏMAS-ın girov götürdüyü israillilərin azad edilməsi, qarşılığında isə İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların buraxılması nəzərdə tutulub.
"Axios" yazır ki, ABŞ prezidenti Donald Tramp katoliklərin Milad bayramına (25 dekabr) qədər planın ikinci mərhələsinə keçəcəyinə ümid edir.
İkinci mərhələdə İsrail qoşunlarının əsas hissəsinin Qəzza sektorundan çıxarılması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və yeni inzibati strukturun yaradılması nəzərdə tutulub. ABŞ bu struktura 10-dək ərəb və Qərb liderlərindən ibarət Sülh Şurasının rəhbərlik etməsini planlayır.
Netanyahu ikinci mərhələni Tramp ilə müzakirə edəcəyini deyir
İsrailin baş naziri Benyamin Netanyahu deyir ki, ABŞ-nin Qəzzada sülh planının ikinci mərhələsi yaxındır, amma bəzi məsələlər, o cümlədən çoxmillətli təhlükəsizlik qüvvəsi həllini tapmalıdır.
Baş nazir bu ayın sonunda ABŞ prezidenti D.Tramp ilə ikinci mərhələni müzakirə edəcəyini vurğulayıb.
Bir müddət öncə Netanyahunun ofisi bildirib ki, Tramp onu yaxınlarda Ağ evə dəvət edib, amma səfərin tarixi açıqlanmayıb.
Trampın planının birinci mərhələsinə uyğun olaraq, İsrail Qəzzanın 53 faizinə nəzarəti saxlayıb.