İyunun 23-də axşam saatlarında Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində bir neçə avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan”a verilən məlumata görə, qeydə alınan hadisə nəticəsində yaralanan 23 nəfər müxtəlif növ bədən xəsarətləri ilə onların tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.
Bildirildiyinə görə, yaralananlardan 17-si (2-i uşaq) Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan beşinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta-ağırdır.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qalan 6 nəfərdən ikisinin isə vəziyyətinin ağır, digərlərinin vəziyyətlərinin də orta-ağır qiymətləndirildiyi deyilir.
Rəsmi açıqlamaya görə, hazırda yaralılara zəruri tibbi yardım göstərilir.
Qəzanın səbəbi, hələlik, açıqlanmayıb. Yaralananlar və onların yaxınları ilə danışmaq mümkün olmayıb.