Bugün, fevralın 22-i saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda iddia olunduğuna görə, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
Vurğulandığına görə, ilkin araşdırmalara əsasən Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Güləliyev istintaqa təhvil verilib.
Amma bu açıqlamaya, hələlik, Güləliyev və vəkilindən münasibət almaq mümkün olmayıb.
Əvəz Şıxməmmədov bir müddət reportyor kimi fəaliyyət göstərmişdi.