Qənimət Zahid telekanal açır

Qənimət Zahid

Xaricdən yayımlanan «Azərbaycan saatı» televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid yeni telekanal açır.

Bu haqda jurnalistin özü məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni telekanal «Turan TV» adlanacaq. Telekanalın oktyabrın 8-dən efirə çıxması planlaşdırılır.

Qənimət Zahid bildirib ki, «Turan TV» sutkada 24 saat yayımda olacaq.

«Azərbaycan saatı» proqramı da yeni kanal vasitəsilə yayımlanacaq», - o əlavə edib.

«Turan TV»nin də peyklə yayımlanacağı bildirilir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 6 il əvvəl mühacirət edib. O, 2012-ci ilin aprelindən «Azərbaycan saatı» proqramını hazırlayıb, yaymağa başlayıb.

Peykdən yayımlanan həmin televiziya proqramı sərt müxalif mövqeyi ilə seçilirdi.

Bir müddət əvvəl proqramın yayımı dayandırılıb. Qənimət Zahid bunu «Azərbaycan saatı»nın yayımlandığı «Barış TV»nin qapadılması ilə izah etmişdi.

«Türkiyədəki çevriliş olayı bizi də vurdu. Çevriliş olayları zamanı Türkiyədə bağlanan 16 telekanal arasında «Azərbaycan saatı»nın yayımlandığı «Barış TV» də var. Bu səbəbdən «Azərbaycan saatı» proqramı bir neçə həftə efirdə olmayacaq», - Qənimət Zahid açıqlamışdı.