Hökumət Qənimət Zahidə 8.5 min avro təzminat ödəməlidir

Qənimət Zahid

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 24-də "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidin həbsxanada əlyazmalarının əlindən alınması və məhv edilməsi şikayəti üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, məhkəmə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb: "Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinə əsaslanan ərizəçi şikayət edirdi ki, onun kitab halında çap etdirmək niyyətində olduğu əlyazmasının götürülməsi və məhv edilməsi qanuni olmayıb. Ərizəçi həmçinin, 6-cı maddənin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ədalətsiz olduğunu, xüsusən də məhkəmə iclaslarında şəxsən iştirakının təmin edilmədiyini, şahidlərin dəvət edilib dindirilməsi barədə vəsatətlərinin qəbul olunmadığını iddia edirdi".

Ərizəçi habelə, ona münasibətdə Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ) və 14-cü (ayrıseçkiliyin qadağan edilməsi) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozulduğunu iddia etmişdi.

Qərara əsasən, hökumət ərizəçiyə ümumilikdə 8 min 500 avro təzminat ödəməlidir.

Hələlik, bu qərara Azərbaycan Ədliyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qənimət Zahid 2007-ci ilin noyabrında həbs olunub. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2010-cu il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb. Hazırda o, mühacirətdədir.