Qazaxıstanda həbs xəbəri yayılmış XİN başçısı prezidentin köməkçisi təyin olunub

Murat Nurtleu

Sentyabrın 26-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xarici İşlər Nazirliyində (XİN) kadr dəyişiklikləri aparıb.

Murat Nurtleu xarici işlər naziri vəzifəsindən azad edilib və prezidentin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin olunub.

Ermek Koşerbayev yeni xarici işlər naziri vəzifəsinə təyin olunub. O, 2025-ci ilin fevralından baş nazirin sosial məsələlər üzrə müavini idi. Daha əvvəl Şərqi Qazaxıstan vilayətinin hakimi, Qazaxıstanın Rusiyadakı səfiri və XİN-də məsul katib vəzifələrində çalışıb.

Tokayev beynəlxalq məsələlər üzrə köməkçisi Erjan Kazıxanı da vəzifəsindən azad edib. Onu ölkəsinin BMT-nin Cenevrədəki təmsilçiliyi və digər beynəlxalq qurumlar yanında daimi nümayəndə təyin edib.

Sentyabrın əvvəlində orda.kz onlayn nəşri xarici işlər naziri M.Nurtleunun, Milli Təhlükəsizlik Komitəsinin (KNB) bir neçə yüksək vəzifəlisinin və işadamı Hacı Hacıyevin istintaq altında olduğunu yazıb. İddiaya görə, qanlı yanvar hadisələrindən sonra qısa müddət KNB sədrinin müavini işləmiş Nurtleu Hacıyevin köməyi ilə xüsusi xidmət orqanı daxilində gizli struktur yaradıb. Bu struktur Nurtleunun maraqları daxilində izləmə, dinləmə və bəzi şəxslərin təqibi ilə məşğul olub.

Amma Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, daha sonra digər rəsmi kanallar Nurtleunun saxlanılması xəbərini təkzib edib. Orda.kz isə iddiasında israr edib.

Sentyabrın 6-da Qazaxıstan XİN M.Nurtleu ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı barədə açıqlama yayıb. İki gün sonra Nurtleu prezident Tokayevin müraciəti öncəsi parlament binasına gəlib. O, jurnalistlərə özünün guya həbs olunması ilə bağlı şayiələri "yalan və absurd" adlandırıb.