Qazaxıstan tankerlərə hücumdan sonra Avropa və ABŞ-dən kömək istəyib

Qara dənizdə Qazaxıstan neftini daşıyan tanker

Qazaxıstan neft nəqlinin təhlükəsizliyinin təmin olunması üçün Avropa və ABŞ-ni köməyə çağırıb. Bu çağırış Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalına gedən tankerlərə dron hücumlarından sonra edilib. Məlumatı yanvarın 14-də Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Nazirlik bildirir ki, bu çağırış bir neçə Avropa ölkəsinin səfirləri, ABŞ təmsilçiləri ilə görüşlərdə səsləndirilib.

Yanvarın 13-də Qara dənizdə CPC dəniz terminalına doğru hərəkət edən üç tanker dron hücumuna məruz qalıb. Nazirlik bu hücumdan "ciddi narahatlıq" bildirib.

CPC ilə Qazaxıstanın nəhəng "Tengiz" neft yatağından xam neft Rusiya ərazisindən keçməklə daşınır. Marşrut Qara dənizdəki Novorossiysk terminalında başa çatır.

Son aylar Ukraynanın Rusiyada enerji infrastrukturuna dron zərbələri artıb və Qazaxıstan daxil digər ölkələrə də təsir göstərir.

Ukrayna CPC-ə hücumu şərh etməyib.