Qazaxıstanın Cambul vilayətinin Kokkaynar kəndində məktəbdə zorakılıq ölümlə nəticələnib: yuxarı sinif şagirdləri 15 yaşlı yeniyetməni döyüblər, o, vəfat edib.
Polis 16 və 17 yaşlarında iki şübhəlini saxlayır. Onlar sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunurlar.
Yerli cmn.kz nəşri yazır ki, kənddə futbol matçından sonra orta məktəbin 10 və 11-ci sinif şagirdləri arasında dava düşüb. Şahidlərin dediyinə görə, məğlubiyyət buraxılış sinfini özündən çıxarıb. Oyundan sonra 11-ci sinfin azı üç şagirdi rəqib komandanı "cəzalandırmaq" qərarına gəlib. Onlardan biri 15 yaşlı oğlanı sinəsindən vurub. Yeniyetmə huşunu itirib.
Yaxınlıqdakı mağazanın satıcısı davanın şahidi olub, zərərçəkənin anasına xəbər verib. Yeniyetmə evə aparılıb, amma vəziyyəti pisləşib. O, təcili yardım gələnəcən vəfat edib.
Polis sağlamlığa qəsdən ağır zərər vurma maddəsi üzrə ilkin istintaq başladıb.
Qazaxıstanda ilk dəfə deyil məktəbdə zorakılıq ölümlə nəticələnir. 2024-cü ilin sentyabrında ölkənin qərbindəki Aktobe vilayətinin Kopa kəndində 14 yaşlı, 9-cu sinif şagirdi Nurjan Sıdıkovu dərs ilinin ilk günü məktəbdə digər şagirdlər döyüb öldürmüşdü. Onun meyitini kəndin kənarında yoldan keçən tapmışdı.
Bu insidentdən sonra kənd məktəbinin direktoru vəzifəsindən azad edilmiş, şübhəlilər müəyyən olunmuşdu. Təhsil İdarəsi bildirmişdi ki, münaqişədə iştirak edənlərin hamısı imkanlı ailələrdən olublar, heç kimi bu uşaqlardan bu cür qəddarlıq gözləmirmiş.