Qazaxıstanda mədəndəki qəzada azı 32 nəfər ölüb, matəm elan olunub

Tokayev oktyabrın 29-da ölkədə matəm elan olunduğunu da açıqlayıb.

Qazaxıstanın Karaqandin əyalətindəki İstenko mədənində baş verən qəzada azı 32 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hal hazırda partlayış nəticəsində itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

İstenko mədəninə nəzarət edən beynəlxalq ArcelorMittal Temirtau şirkətinin məlumatına görə hadisə zamanı mədəndə 252 nəfər olub. Onlardan 208 nəfər çıxarılıb.

Hökümət ArcelorMittal şirkəti ilə əməkdaşlığı dayandırır

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev baş verən qəza ilə bağlı açıqlama verib. Tokayev dövlət qurumlarından partlayışın baş verdiyi mədənə nəzarət edən "ArcelorMittal Temirtau" şirkəti ilə bütün əməkdaşlıqların dayandırmasını tələb edib.

Mədəndə ölən işçilərin yaxınlarına başsağlığı verən prezident Tokayev oktyabrın 29-da matəm elan olunduğunu açıqlayıb.

Qazaxıstan prokurorluğu hadisə ilə bağlı cinayət işinin açıldığını, baş verən partlayışla bağlı araşdırmaların davam etdiyini bildirib.

Son üç ayda ikinci qəza

Azadlıq Radiosunun Qazaxıstan xidməti yazır ki, bu son üç ayda ArcelorMittal Temirtau şirkətinə məxsus mədənlərdə baş verən ikinci qəzadır. Bu ilin avqust ayında eyni əyalətin Şaxtinsk şəhərindəki mədəndə baş verən partlayışda beş nəfər öldüyü açıqlanmışdı.

Qeyd edək ki, Lüksemburq mərkəzli ArcelorMittal şirkətinin Qazaxıstada ümumilikdə 15 kömür və dəmirqayırma mədəninin olduğu bildirilir.