Qazaxıstan parlamentinin senatı "LGBT təbliğatı"na qadağanı nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb. Bu, ölkə prezidenti Kasım-Jomart Tokayevin Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta ilə görüşü fonunda baş verib. "Bes.Media" Koştanın Qazaxıstana ilk rəsmi səfərə gəldiyini yazır. Görüş Akorda iqamətgahında keçirilib.
Bundan bir gün öncə, dekabrın 3-də isə senat sədrinin müavini Jakip Asanov, digər deputatlar Aİ-nin Qazaxıstandakı səfiri Aleşka Simkiçlə görüşüblər. Tərəflər siyasi dialoqu, iqtisadi əməkdaşlıq və regional gündəliyi müzakirə ediblər.
Dekabrın 4-də Senat "qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatına qadağan"ı müzakirə etməli idi. Amma parlamentin bu məsələyə dair düzəlişlərin yuxarı palatanın iclas gündəliyindən çıxarıldığı bəlli olub. Müzakirə dekabrın 18-nə keçirilib.
Qazaxıstanın Əmək Məcəlləsinə, ölkənin 12 qanununa dəyişiklik və əlavələr təklif olunur. "Pedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatı" qadağan olunur. Bu dəyişikliklər mahiyyətcə Rusiyanın diskriminasiya xarakterli "LGBT təbliğatı" qanunundan götürülüb.
Noyabrın 12-də Məclis diskriminativ qanun layihəsini qəbul edib.
İnsan haqları müdafiəçiləri onun qəbul etməməyə çağırırlar. Beynəlxalq insan haqları qurumları da təşəbbüsü tənqid edib. Onların mövqeyincə, bu qanun insan hüquqlarını pozur, LGBT icması təmsilçilərinin cəzalandırılması və təqibinə gətirib çıxara bilər.
2023-cü ildə Qırğızıstanda da "qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı" qadağan olunub. Siyasi şərhçi Medet Tüleqenov "Kloop" nəşrinə deyib ki, bu, Rusiya qanunlarının mənimsənilməsidir, respublikada gey mövzusu siyasi rəqiblərin gözdən salınması, diskreditasiyası üçün tez-tez istifadə olunur.