Qazaxıstanda uşaqlara yönəlik fastfud, şirin içkilər və tərkibində yüksək miqdarda şəkər, duz və doymuş yağ olan digər məhsulların reklamını məhdudlaşdırmaq istəyirlər. "Azatlyq Asia" Səhiyyə Nazirliyinin bununla bağlı qanunvericilik dəyişiklikləri hazırladığını yazır.
Nazirlik təşəbbüsü reklamların uşaqların və yeniyetmələrin qidalanma vərdişlərinə təsiri ilə izah edir. Bu təsir parlaq qablaşdırma, sosial şəbəkələr, bloqerlər və digər marketinq vasitələri ilə gerçəkləşir.
Məhdudiyyətlər televiziya, radio, açıq hava reklamları və sosial şəbəkələri əhatələyə bilər. Söhbət məhsulların özünün qadağan olunmasından deyil, reklamların uşaqlara təsirinin azaldılmasından gedir.
Nazirliyin məlumatına görə, Qazaxıstanda 6-9 yaşlı uşaqların təxminən hər dördündən biri kökdür, 6 faizinə isə piylənmə diaqnozu qoyulub. Yeniyetmələrin 17.5 faizi həftədə ən azı bir dəfə enerji içkisi qəbul edir.
Bu təşəbbüsdən əvvəl prezident Kasım-Jomart Tokayev avqustun 26-da müəllimlər konfransındakı çıxışında bu məsələyə toxunub. O, fastfudun "aqressiv" reklamının zərərli vərdişlər formalaşdırdığını, səhiyyə sisteminin yükünü artırdığını və ölkənin əmək potensialına mənfi təsir göstərdiyini deyib.
Prezident şəkərli diabetdən əziyyət çəkən təxminən 7 min uşağın həkim nəzarətində olduğunu qeyd edib. Tokayev hökumətə tərkibində yüksək miqdarda yağ, şəkər və duz olan məhsulların reklamını məhdudlaşdırmaq məsələsini ətraflı araşdırmağı tapşırıb.
Qazaxıstanda yaşı 21-dən aşağı şəxslərə enerji içkilərinin satışı artıq qadağandır. 2025-ci ilin sentyabrından məktəb və uşaq bağçalarının yeməkxanalarında yeni qidalanma standartı tətbiq olunur. Standart rasionda şəkər və duzun azaldılmasını, tərəvəz, meyvə və süd məhsullarının payının artırılmasını nəzərdə tutur.