Qazaxıstanda erkən prezident seçkiləri

Qazaxıstan, erkən prezident seçkiləri, 20 noyabr 2022

Qazaxıstanda erkən prezident seçkilərində səsvermə başa çatıb. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 69,43 faizi seçki bülleteni alıb.

Ümumilikdə səsvermədə 8 milyon 299 min 501 nəfər iştirak etmiş sayılır.

Ölkənin hazırkı prezidenti Qasım-Jomart Tokayevdən başqa prezidentlik kürsüsü üçün daha beş namizəd mübarizə aparır. Həmin namizədlər ölkədə o qədər də tanınmadığı üçün müxalifəti onları Tokayevə alternativ imici yaratmaq üçün gətirilən namizədlər sayır.

Buna da bax: Qazaxıstanda prezidentliyə namizədlər: biri at sağır, digəri nallayır

Erkən prezident seçkisində Ümummilli Sosial Demokrat Partiyasından namizəd Nurlan Auesbayev, Qazaxıstan Həmkarlar İttifaqları Birliyi "Amanat"dan namizədliyi irəli sürülmüş Meyram Kajıken, "Auyl" Xalq Demokratik Partiyasından Jiquli Dairabayev, Sosial İşçilər Alyansından Karakat Abden və "Qazaxıstan Anaları-adət-ənənə yolu" birliyindən Saltanat Tursynbekova hazırkı prezidentlə rəqabət aparır.

Müşahidəçilər seçki pozuntularının olduğunu bildirirlər. Almatıda bir müstəqil müşahidəçi səhər tezdən seçki məntəqəsinə gedərkən saxlanılaraq polis bölməsinə aparılıb. Səbəbi açıqlanmadan müşahidəçi bir-neçə saat polis bölməsində saxlanılıb.

Buna da bax: Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb?

Məlumatlarda o da vurğulanır ki, məntəqələrdə digər müstəqil müşahidəçilərin hərəkəti gün ərzində məhdudlaşdırılıb, bəziləri seçki məntəqələrindən çıxarılıb və ya buraxılmayıb. Bundan başqa müşahidəçilərə seçicilərin sayı və seçki bülletenləri barədə məlumat verilməyib.

Amma Almatı və digər bölgələrdəki seçki komissiyalarının sədrləri və ya nümayəndələri bu kimi məlumatları təkzib edib heç bir qanun pozuntusunun olmadığını deyiblər.

Artıq ölkə prokurorluğu seçkilərin sakit şəraitdə keçdiyini bəyan edib.

Müxalifət nümayəndələri əsasən Almatıda bir sıra etiraz aksiyaları keçiriblər. Onların saxlanıllaraq polis bölmələrinə aparılması ilə bağlı məlumatlar yayılıb. Bundan başqa seçkilərdən bir gün bir neçə müxalifət fəalı inzibati həbs edilib.

Buna da bax: Tokayevdən daha bir ‘anti-Rusiya’ bəyanatı

Erkən prezident seçkiləri Qazaxıstan Konstitusiyasının yenilənmiş variantına uyğun olaraq keçirilir. Prezident yeddi illik müddətə (əvvəllər müddət beş il idi) və yalnız bir dəfə seçilir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra hazırkı prezident Qasım-Jomart Tokayevin əvvəlki səlahiyyət müddəti sıfıra endirilib.

Konstitusiyaya dəyişikliklər bu ilin yanvarında kütləvi etirazlar və iğtişaşlardan sonra edilib.