Qazaxda 18 tələbənin zəhərləndiyindən şübhələnirlər

Ambulans

Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin zəhərləndiyi ehtimal edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) deyilib ki, oktyabrın 10-u saat 19:00-dan başlayaraq Qazax rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər zəhərlənmə şübhəsi ilə müraciət edib.

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, İki nəfərin müalicəsi təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - qurumdan əlavə edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Bakı Dövlət Universitetindən və zərərçəkən tələbələrdən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Xatırlama

Son vaxtlar Azərbaycanda belə oxşar hadisələr vaxtaşırı baş verməkdədir.

Bu il avqustun 15-də Qəbələ rayonunda xəstəxanaya kütləvi müraciət olmuşdu. Yerli sakinlərin bildirməsinə görə, səhhətləri ağırlaşan insanlar rayonda bir toy məclisində iştirak ediblər. Onda ümumilikdə 50-dən çox şəxsin səhhətinin pisləşdiyi deyilirdi.

Ondan dörd gün əvvəl isə Gəncə şəhərində bir yas mərasimindən sonra yüzdən çox şəxsin səhhətinin ağırlaşdığı açıqlanmışdı. Onların da qidadan zəhərləndiyindən bəhs edilirdi.